Fazil Mustafa: “Bu, məqsədli şəkildə ortaya qoyulan biganəliyin göstəricisidir” Ramil Hüseynov: “Danışıqlardan sonra Tonayanın belə bir açıqlama ilə çıxış etməsi açıq-aşkar beynəlxalq hüququn pozulması və danışıqların şantaj edilməsidir”
Məlum olduğu kimi, ötən həftə Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçirildi. Paşinyanın səylərinə baxmayaraq, danışıqların formatı dəyişdirilmədi.
Ancaq Ermənistanın baş naziri, əvvəlki kimi, danışıqlarda münaqişənin həlli mexanizmlərini müzakirə etməkdən yayınır. Onun başlıca məqsədi mövcud status-kvonun saxlanmasına nail olmaqdan ibarətdir. Rəsmi Bakı isə münaqişənin tənzimlənməsi zamanı ərazi bütövlüyünün təmin edilməsi, Dağlıq Qarabağ ətrafındakı rayonların qısa zaman ərzində boşaldılmasını tələb edir.
Danışıqlara bəslənən ümidləri aşağı salan fakrorlardan biri də Ermənistan müdafiə nazirinin təxribatçı xarakterli açıqlamalarıdır. Ermənistanın müdafiə naziri David Tonoyan bəyan edib ki, “ərazi qarşılığında sülh” formulunu dəyişərək, onu “yeni ərazilərin işğalı üçün yeni müharibə” formulu ilə əvəzləyib. Məsələ ondadır ki, Tonoyan bunu Nyu-Yorkdakı erməni icmasının nümayəndələri ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini şərh edərkən deyib: “Ermənistanın müdafiə naziri kimi deyirəm ki, mən, “ərazi qarşılığında sülh” formulunu dəyişdirmişəm. Artıq biz bunun tam əksini edəcəyik, yəni “yeni ərazilər üçün yeni müharibə”. Heç bir ərazi güzəşti olmayacaq”.
D.Tonoyan onu da bildirib ki, bundan sonra Ermənistan hücum bölmələrinin sayını artıracaq: “Biz bu “xəndək vəziyyətindən”, daimi müdafiə vəziyyətindən çıxacağıq. Biz hərbi əməliyyatları düşmənin ərazisinə transfer edə biləcək qoşun bölmələrimizin sayını artıracağıq”.
Azərbaycan Xarici İşlər Nazirliyi yaydığı açıqlamasında Ermənistan müdafiə nazirinin səsləndirdiyi fikirləri kəskin pisləyib. Qeyd olunub ki, bu, ölkənin işğalçı və qəsbkar siyasətinin Ermənistanın yüksək səviyyəli rəsmisi tərəfindən növbəti etirafıdır: “Ermənistan baş nazirinin Vyanada Azərbaycan dövlət başçısı ilə görüşü nəticəsində münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar prosesində konkret və nəticəyə yönəlik addımların atılması və sülh mühitinin yaradılması ilə bağlı qəbul edilən birgə bəyanatdan dərhal sonra erməni müdafiə nazirinin belə bir çıxışı təhrikçi xarakter daşıyır və münaqişənin sülh yolu ilə həllinə və bu xüsusda Minsk Qrupunun həmsədrlərinin simasında beynəlxalq ictimaiyyətin səylərinə qarşı çıxır”.
O da qeyd olunub ki, Azərbaycan Ermənistan kimi digər dövlətlərin ərazilərinə iddialarla çıxış etmir və ərazilər zəbt etmək fikrində deyil: “Müdafiə nazirinin çıxışı kontekstində, Ermənistan ali rəhbərliyinin şərhlərini eşitmək istərdik: nazir bu çıxışını Ermənistan rəhbərliyinin razılığı əsasında edibmi, yoxsa bu, nazirin, ən azından, danışıqların mahiyyətini və nəticədə qəbul edilmiş birgə bəyanatı şübhə altına alan şəxsi improvizasiyasıdırmı?”.
Tonoyanın bəyanatından da görünür ki, işğalçı tərəf öz aqressiv ritorikasından əl çəkmək istəmir. Ən maraqlısı isə odur ki, ATƏT-in Minsk Qrupu və həmsədrlər onun bu dediklərini görməzdən gəldilər. Baxmayaraq ki, Tonayan bir ölkənin rəsmi şəxsidir. Bir ölkənin müdafiə naziri digər ölkənin ərazisini işğal edəcəyini açıq-aşkar bəyan edir, amma buna beynəlxalq qurumlar etiraz etmirlər. Ən başlıcası, ATƏT-in Minsk Qrupu danışıqlarda vasitəçi tərəf olduğu üçün buna etiraz etməli idi. Bildirməliydi ki, bu cür açıqlamalar danışıqları pozur. Ancaq təəssüflər olsun ki, bunların heç biri baş vermədi. O baxımdan sözügedən biganəliyi ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən millət vəkili, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafanın sözlərinə görə, Tonayanın məlum açıqlaması açıq-aşkar təhdiddir: “Beynəlxalq qurumlar, o cümlədən vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk Qrupu isə qəsdən buna reaksiya vermirlər. Baxmayaraq ki, onlar buna hansısa formada etiraz etməli idilər. Çünki bu açıq-aşkar böyük təhdiddir. Eyni zamanda, Ermənistan müdafiə nazirinin səsləndirdiyi fikirlər işğalçılığa çağırışdır və beynəlxalq hüququn prinsiplərinə qarşı çıxışdır. Ancaq, göründüyü kimi, buna beynəlxalq reaksiya yoxdur. Bu, məqsədli şəkildə ortaya qoyulan biganəliyin göstəricisidir. Bütün bunlara baxmayaraq, biz mümkün olan qədər məsələni gündəmdə saxlamalıyıq. Yəni bunu biz doğru istifadə etsək, Ermənistanın ifşa olunması istiqamətində çox önəmli addımlardan birini atmış olarıq. Ona görə də mən də hesab edirəm ki, sözügedən məsələnin gündəmə gətirilməsi olduqca vacibdir. Hesab edirəm ki, bizim tərəfimizdən də məsələ gündəmdə saxlanmalıdır. Bizim borcumuz odur ki, bütün çətinliklərə rəğmən, bu məsələni gündəmdə saxlayaraq Ermənistanın işğalçı dövlət olduğunu dünyaya göstərək”.
VİP-in sədr müavini Ramil Hüseynov da Tonayanın açıqlamasına beynəlxalq qurumların səssiz yanaşmasını pislədi: “Əlbəttə ki, bu cür susqunluq bütün mənalarda qəbuledilməzdir. Əsasən də ATƏT-in Minsk Qrupunun bunu susqunluqla izləməsi anlaşılan deyil. Azərbaycan tərəfi bənzər açıqlama ilə çıxış etsəydi, o zaman dərhal reaksiya verərdilər. Ancaq Ermənistana gəldikdə, biz bunu görmürük. Danışıqlardan sonra Tonayanın belə bir açıqlama ilə çıxış etməsi açıq-aşkar beynəlxalq hüququn pozulması və danışıqların şantaj edilməsidir. Ona görə də beynəlxalq qurumlar bunu pisləməyə borcludurlar. Təəssüflər olsun ki, ortada olan ikili standartlar səbəbindən buna münasibət bildirilmədi. Mən bunu məhz sərgilənən ikili standartlarla əlaqələndirirəm”.
Vidadi ORDAHALLI