Avropa İttifaqının yüksək rütbəli rəsmilərindən biri erməni mediasına bildirib ki, Ermənistanda yerləşdirilən müşahidə missiyasının tərkibi genişləndirilə bilər. Adı çəkilməyən həmin diplomat bu zərurəti Azərbaycandan guya Ermənistanın ərzi bütövlüyünə təhdidlərin mövcud olması ilə əsaslandırıb.
Hazırda onların sayı 100 nəfərdir, gələcək planda müşahidəçilərin 400 nəfərə çatdırılması barədə fikirlər səsləndirilib.
Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Ermənistan ərazilərinə hər hansı iddia yoxdur. Bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Azərbaycanın belə planı yoxdur. Onun sözlərinə görə, Qarabağın qaytarılması ilə Azərbaycan tam və bütövdür. Prezidentin digər köməkçisi Elçin Əmirbəyov da rəsmi Bakının Zəngəzuru Ermənistanın suveren ərazisi kimi tanıdığını bildirib. O zaman missiyanın sayı niyə artırılır? Bunda məqsəd nədir?
“Biz Paşinyanın qol çəkdiyi bəyannamənin 9-cu maddəsinin yerinə yetirilməsini istəyirik və bunu tələb edirik”
Sözügedən məsələyə aydınlıq gətirən siyasi ekspert Elşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bütün bunlarda bir neçə məqsəd var: “Əvvəla, məsələ ondadır ki, Ermənistan müstəqil dövlət deyil. Ermənistan həmişə kiminsə əlinə baxıb və qucağında oturub. Əvvəllər Ermənistan üçün belə bir ölkə Rusiya idi. Son 2 ildə isə Ermənistan Rusiyadan aralanır və Qərbə doğru meyllənir. Xüsusən də böyük bacısı Fransanın yanındadır. Fransa Ermənistana arxa olacağına, onların təhlükəsizliyinə dair söz verir. Elə bunun nəticəsidir ki, Azərbaycan öz suverenliyini bərpa edəndən sonra Fransa Azərbaycana qarşı qarayaxma kampaniyasını daha da gücləndirib. O cümlədən, Paris BMT və Avropa İttifaqı müstəvisində ölkəmizə qarşı hücumları artırır. İndi də Avroittifaqın Ermənistanda yerləşən müşahidə missiyasının tərkibini genişləndirməyə çalışırlar. Guya ki, Azərbaycan Ermənistanın cənub ərazilərini güc yolu ilə ələ keçirəcək. Əslində bütün bunlar sadəcə uydurmadır. Burada əsl məqsəd Fransanın Ermənistanda hərbi mövcudluğunu təmin etməkdir. Çünki faktiki olaraq Paşinyan yürütdüyü siyasətlə Ermənistanı geosiyasi mübarizə poliqonuna çevirib. Təbii ki, bütün bunları Avropa İttifaqı çətiri altında həyata keçirməyə çalışırlar. Azərbaycan ən yüksək səviyyələrdə dəfələrlə bəyan edib ki, Ermənistanın ərazisini tanıyır. Bundan artıq rəsmi mövqe nə ola bilər ki? Artıq dünya liderləri də, beynəlxalq ictimaiyyət də bilir ki, Azərbaycanın sözü imzası qədər güclüdür. Yəni Prezident İlham Əliyev hər zaman verdiyi sözə əməl edir. Artıq bu, hər yerdə sübut olunub. O üzdən, Azərbaycanın Zəngəzuru güc yolu ilə ələ keçirəcəyi ilə bağlı ermənilərin ortaya atdığı tezis şər-böhtandır. Azərbaycan 10 noyabr 2020-də imzalanan üçtərəfli razılaşmanın 9-cu bəndinin yerinə yetirilməsini istəyir. Biz Paşinyanın qol çəkdiyi bəyannamənin 9-cu maddəsinin yerinə yetirilməsini istəyirik və bunu tələb edirik. Bu olmasa belə, problem yoxdu. Azərbaycan İran ərazisi üzərindən Naxçıvanla dəmir yolu əlaqəsi quracaq. Artıq bununla bağlı razılaşma da var. Tutaq ki, Azərbaycan Zəngəzura hücum etdi. Oradakı 400 nəfərlik Avropa missiyası nə edəcək ki? Heç nə. Deməyim odur ki, müşahidəçilərin sayının 400 nəfərə çatdırılması başqa planın tərkib hissəsidir. Bu, Ermənistanın tamamilə Fransanın nəzarəti altına keçməsi deməkdir”.
Vidadi ORDAHALLI