Türkiyə Qəzzada baş verənlərlə bağlı mövqeyini getdikcə daha konkret mülahizələrlə ortaya qoyur. Bir neçə gün əvvəl Qəzza xalqına yardım və təxliyə məsələlərində kömək etmək üçün Türkiyə ordusunun hazır vəziyyətdə olduğu rəsmən elan olunmuşdu.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Bu gün daha həyacanlı başqa bir bəyanat yayıldı.
Hakim partiyanın müttəfiqi Dövlət Baxçalı "əgər 24 saat ərzində Qəzzada qətliam dayandırılmasa, Türkiyə ordusu sürətlə dövrəyə daxil olmalıdır" dedi. Çox qəti və net şərtlə verilmiş bəyanatdır. Bəyanata artıq dəstək var. Hakim partiyanın müttəfiqi "Rifah" partiyasının başqanı Ərbakan onu dəstəklədi. Hətta son seçkilərin fəal müxalif partiya liderlərindən biri Təməl Karamollaoğlu da dəstəklədi.
Demək olar ki, yaxın 24 saatda Qəzzada qətliam dayandırılmadığı təqdirdə Türkiyə ordusunun hərəkətlənməsi ilə bağlı yeni xəbərlər ala bilərik.
Qəzzada proseslər getdikcə gərginləşir. Məktəblər, xəstəxanalar, məscidlər vurulur. Lap təzə fakt bu oldu - Qəzzada bir bazar vuruldu və artıq 13 adamın öldüyü bildirilir. Adamların kütləvi toplanış yerlərinin daha çox hədəfə alınmasının intensivləşməsi narahatverici haldır.
Türkiyənin XİN başçısı Fidanın Misirdə "Qüds paytaxt olmaqla 2 dövlətli həll" planının yeganə çıxış yolu olduğu barədə bəyanatı da atılacaq ciddi addımlardan xəbər verir...
Tahir TAĞIYEV