“Fransa həm də dünyada ən çox mina istifadə etmiş ölkələrdən biridir. Ancaq Əlcəzair ərazisində 5 milyondan artıq mina basdırılmışdır”.
Bu fikirlər Prezident İlham Əliyevin “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb: “Nəticədə Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələr sırasında ön yerlərdən birini tutur. Bu siyahıda Fransadan sonra onun yaxın müttəfiqi Ermənistan gəlir. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində basdırdığı minalar nəticəsində təkcə son 3 ildə 340-a yaxın azərbaycanlı mina qurbanı olub. Onların arasında mülki şəxslər də var. Bu iki ölkəni bir-birinə belə sıx bağlayan səbəblərdən biri də hər iksinin mina terroru ilə məşğul olmaq təcrübəsidir”.
“Ermənistanın Qarabağ ərazisinə mina basdırmasının arxasında məhz Fransa dayanır”
Fransanın mina cinayətləri barədə fikir bildirən siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Fransa minalardan ən çox istifadə edən dövlət olmaqla yanaşı, həm də işğalçı, təcavüzkardır: “Fransanın tarixinə nəzər yetirəndə aydın olur ki, Afrika və Cənubi Amerika istiqamətində onun apardığı işğalçı müharibələri sıralamaq olar. Hazırda Fransa dünyanın başına bəla olan bir dövlətdir. Indinin özündə də bu dövlət dinc durmur. Azərbaycanla Ermənistanın münasibətləri normallaşarkən Fransa bütün vasitələrdən istifadə edərək hər iki öıkə arasındakı vəziyyətin daha da gərginləşməsinə səbəb olur. Bu səbəbdən də Fransa dünyada sevilməyən, qəbul olunmayan bir ölkədir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, uzun illərdir Afrika kimi böyük bir qitə hələ də Fransanın təcavüzündən əziyyət çəkir. Afrika xalqlarının böyük bir qismi öz ana dilindən məhrum edilib: “Eyni zamanda, Fransa Guney Qafqaza da bu cür müdaxilə edir. Bu ölkə çalışır ki, xalqlar arasında münasibət normallaşmasın. Onu da deyim ki, Ermənistanın Qarabağ ərazisinə mina basdırmasının arxasında məhz Fransa dayanır. Öz təcrübəsini ermənilərə də ötürür. Beləliklə, ermənilər Fransa ilə əlbir olaraq Azərbaycan torpaqlarını pis günə qoyublar. Bu baxımdan Fransa tək bizim bölgə üçün deyil, bütün dünya üçün başa bəla bir ölkədir”.
Günel CƏLİLOVA