Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə oktyabrın 20-də Bakıda "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Fransanın müstəmləkələrindən necə istifadə etdiyi açıqlanıb.
Qeyd edək ki, Polineziya illərdir Fransanın müstəmləkəsi altındadır. Bakıda keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda konfransda çıxışında Fransız Polineziyası Assambleyasının üzvü Heinui Robert le Caill deyib ki, Fransa bizim ölkəmizin adını dəyişərək Fransız Polineziyası adlandırıb. O, hər kəsin maraq dairəsində olan Sakit Okean hövzəsindən uzaqlaşmaq istəmir: “Məhz bu səbəbdən həmin bölgədə yerləşən xalqlara münasibətdə müstəmləkəçilik siyasəti həyata keçirir. Fransa təbii resurslarımızı istismar edir. Yerli əhalini kömür və qazın çıxarılması kimi ağır işlərdə çox az məvacib müqabilində işlədir. Fransa Polineziyanın kömür və qazından hər il 25 milyard dollar qazanır. Öz qazının 70 faizini müstəmləkə altında saxladığı ölkələrdən əldə edir”.
“Gün gələcək? Fransa müstəmləkəçilik siyasətinə görə beynəlxalq hüquq qarşısında cavab verməli olacaq”
Mövzu ilə bağlı fikir bildirən siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu gün Fransa istismarçı, müstəmləmkəçi siyasətinə görə tanınır: “Fransanın ən böyük səhvi müstəmləkə ərazilərin təbii sərvətlərini qanunsuz istismar etməsidir. Təbii sərvətlərin qanunsuz istismarı müstəmləkəçilik altında əzilən xalqların daha da passivləşməsinə səbəb olur. Onu da deyim ki, Fransanın müstəmləkə ərazilərin təbii sərvətləri talamasına dünya dövlətləri səssiz yanaşır. Təəssüf ki, Fransa hələ də etdiyi cinayətlərə görə cavab verməyib. Belə olan halda Bakı Təşəbbüs Qrupunun keçirdiyi məlum konfrans olduqca əhəmiyyətlidir. Bu konfrans sayəsində Fransa müstəmləkələrinin taleyinə aydınlıq gətiriləcək. Həmçinin, həmin müstəmləkələrin Fransa tərəfindən necə istismar olunması, məhv edilməsinin dünyaya göstərilməsi çox önəmli bir məsələdir. Gün gələcək, Fransa müstəmləkəçilik siyasətinə görə beynəlxalq hüquq qarşısında cavab verməli olacaq”.
Günel CƏLİLOVA