Tezliklə İranda 3+3 formatında xarici işlər nazirləri başçıları səviyyəsində görüş keçiriləcək. Yayılan məlumatlara görə, artıq görüşdə Ermənistan da iştiraka razılıq verib.
Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə bunu effektiv mexanizm kimi dəyərləndirib. Abdullahian deyib ki, Qafqazdakı prosesləri yerli aktorların və regiondakı qonşuların iştirakı ilə həll etmək olar. “3+3” formatı regional məsələlərin həlli üçün effektiv mexanizmdir.
Məlumat üçün qeyd edək ki, “3+3” formatının təşəbbüskarı məhz Prezident İlham Əliyev olub. Görünən odur ki, Əliyevin irəli sürdüyü format hərəkətə gətirilir.
“Sözügedən format çərçivəsində əməkdaşlıq təkcə iqtisadi dividendlərdən ibarət deyil, həm də regional təhlükəsizliyə öz töhfəsiini verəcək”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən millət vəkili Aydın Hüseynov hesab edir ki, bütün bunlar “3+3” formatının necə optimal bir platforma olduğu reallığını ortaya qoyur: “Bu, Prezident İlham Əliyevin necə uzaqgörən siyasi xadim olduğunun göstəricisidir. Çünki müharibədən sonra cənab İlham Əliyev bu ideyanı irəli sürdü və region dövlətləri ilə əməkdaşlıq çərçivəsində məsələlərin həllinin optimal bir variant olduğunu ortaya qoydu. Dünyada mürəkkəb proseslərin getdiyi bir dövrdə yalnız əməkdaşlıq etməklə məsələləri həl etmək, çıxış yolları tapmaq mümkündür. Görünən odur ki, artıq Ermənistan da bu formatın vacibliyini anlayır və bu çərçivədə görüşə razılıq verib. Halbuki, Prezident İlham Əliyev illər əvvəl regional əməkdaşlığın vacibliyini dəfələrlə qeyd edib. Azərbaycan müxtəlif regional layihələrdə arbitr rolunda çıxış edir. Əfsuslar olsun ki, Ermənistan uzun illər işğalçılıq siyasəti yeridərək bütün regional layihələrdən kənarda qaldı. Nəticədə itirən tərəf də Ermənistan oldu. “3+3” formatının əhatə dairəsi isə daha geniş və böyükdür. Belə görünür ki, Ermənistan rəhbərliyi bu imkanı əldən vermək istəmir. Bunu əldən versələr çox şeyi itirə bilərlər. Çünki bu format çərçivəsində əməkdaşlıq təkcə iqtisadi dividendlərdən ibarət deyil. Bu, həm də regional təhlükəsizliyə və sabitliyə öz töhfəsiini verəcək. Bir sıra məsələlərin qarşılıqlı dialoq çərçivəsində həlli və tənzimlənməsi baxımından bunun daha effektiv olacağı gözlənilir. Bu, region ölkələri üçün bir fürsət pəncərəsidir. Ermənistanın bu platformada iştiraka razılıq verməsi təsadüfi deyil. Erməni tərəfi gördü ki, Zəngəzur dəhlizinə razılıq verməsələr, Azərbaycan bunu İran vasitəsilə reallaşdıracaq. Bu zaman yenə itirən tərəf onlar olacaq. Ona görə də “3+3” formatında iştiraka razılıq verdilər. Hesab edirəm ki, sözügedən platforma çərçivəsində əməkdaşlıq qarşıdakı illərdə güclənəcək”.
Vidadi ORDAHALLI