Müdafiə Nazirliyi sosial şəbəkələrdən istifadə edən hərbi qulluqçuların ordu sıralarından xaric edilməsi barədə məlumat yayıb. Qeyd edilir ki, qaydaların daha da sərtləşdirilməsi ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün aidiyyəti üzrə yeni təkliflər hazırlanaraq təqdim edilib.
Həmçinin vurğulanıb ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcək.
“Bu gün sosial şəbəkələrdən istifadə edənlərə qarşı mübarizədə məqsəd məhz hərbçilərin, habelə Azərbaycan Respublikasının müdafiəsini və etibarlı təhlükəsizliyini təmin etməkdir”
Hərbi ekspert Rasim İsgəndərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, heç kim sosial mediadan istifadənin əleyhinə deyil. Sadəcə olaraq sosial şəbəkədən doğru-düzgün istifadə etmək lazımdır: “Bu gün sosial şəbəkələrdən istifadə edənlərə qarşı mübarizədə məqsəd məhz hərbçilərin, habelə Azərbaycan Respublikasının müdafiəsini və etibarlı təhlükəsizliyini təmin etməkdir. Bizim hərbçilər sosial şəbəkədən bir-biriləri ilə söhbət etmək, tanışlıq üçün istifadə edirlər. Hərbi qurumlarda belə bir qayda var ki, hərbi birləşmə komandirinin əmri ilə bu məsələlər tənzimlənir. Məsələn, hərbi hissənin komandiri əmr edir ki, smartfonlarla hərbi hissənin ərazisinə daxil olmaq qadağandır, yaxud döyüş postuna gedərkən üzərində telefon aparmaq olmaz”.
Ekspert onu da əlavə etdi ki, müasir texnologiyalarla adi bir videomaterialdan hərbi obyektlərin yerini müəyyənləşdirib, sonrakı mərhələdə ora zərbələr endirilməsi ilə bağlı bir çox nümunələr var. Smartfonlarla bağlı qadağaları pozan hərbçilər şəxsi heyətin çox az bir faizidir: “Bu səhvi ordu sıralarına yeni qoşulan hərbi qulluqçular edir. Peşəkar zabitlər artıq qanunvericiliyə bələd olduğundan, bunun nə ilə nəticələnəcəyini, nə dərəcədə neqativ nəticələr doğuracağını yaxşı bilir”.
Günel CƏLİLOVA