Polineziya illərdir Fransanın müstəmləkəsi altındadır. Bizim millətin taleyi Azərbaycan xalqına bənzəyir. Hər iki xalq uzun illər ədalətsizliklə mübarizə aparıb. Lakin bizim əsas fərqimiz Polineziya xalqının hələ də bu problemdən əziyyət çəkməsidir.
Bu sözləri Bakıda keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda konfransda çıxışında Fransız Polineziyası Assambleyasının üzvü Heinui Robert le Caill deyib.
O qeyd edib ki, Polineziyada yaşayan yerli əhali öz mədəniyyətindən, dilindən uzaqlaşdırılıb. Onlara öz dillərində danışmaq qadağan olunub.
“Fransa bizim ölkəmizin adını dəyişərək Fransız Polineziyası adlandırıb. O, hər kəsin maraq dairəsində olan Sakit Okean hövzəsindən uzaqlaşmaq istəmir. Məhz bu səbəbdən həmin bölgədə yerləşən xalqlara münasibətdə müstəmləkəçilik siyasəti həyata keçirir. Fransa təbii resurslarımızı istismar edir. Yerli əhalini kömür və qazın çıxarılması kimi ağır işlərdə çox az məvacib müqabilində işlədir. Fransa Polineziyanın kömür və qazından hər il 25 milyard dollar qazanır. Öz qazının 70 faizini müstəmləkə altında saxladığı ölkələrdən əldə edir.
Müstəqillik tərəfdarı olan qrupların üzvləri Fransa tərəfindən həbs edilir. Hər ay minlərlə polineziyalı gənc Fransa ordusuna çağırılır və onlar Fransanın müstəmləkə siyasətini bərqərar etmək yolunda həlak olurlar. Biz haqqımız olan suverenliyi istəyirik”, - deyə bildirib.