Son vaxtlar Fransa-Rusiya münasibətləri daha da kəskinləşir və qarşılıqlı ittihamlar artır. Afrikada bu dövlətlər arasında nüfuz mübarizəsi güclənir. Məsələ ondadır ki, Rusiya Afrikada təsir imkanlarını artırmaq üçün səylərini intensivləşdirir.
Afrikanın qərbi və mərkəzi uzun illər Fransanın nüfuz dairəsində olub. İndinin özündə də bir sıra Afrika ölkələrinin uran və digər sərvətlərini Fransa talayır. Ancaq Rusiya son dovrlər Afrikada Fransaya qarşı artan etirazlardan öz mənafeyi üçün istifadə edir ki, bu da Parisdə qıcıqla qarşılanır.
Xüsusən də Fransanın Ukraynaya uzaqmənzilli SCALP raketləri verməsindən sonra münasibətlər daha da pisləşib. Rusiya telekanalları, təbliğat ruporları Fransa rəsmilərini hətta təhqir edirlər.
Maraqlıdır, Fransa-Rusiya münasibətlərinin kəskinləşməsinin Qarabağ məsələsi baxımından Azərbaycan üçün hansısa faydası, üstünlüyü varmı?
“Nəticədə Fransanın bizim regionda siyasi mövqeyi əhəmiyyətli dərəcədə zəifləyəcək”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Məsələ ondadır ki, Fransanın Afrikada nüfuzu zəifləyir. Konkret olaraq Afrika ölkələri olan Nigerdə, Mərkəzi Afrika Respublikasında və digər ölkələrdə geosiyasi mövqeyi ciddi şəkildə zəifləyir. Həmçinin sözügedən regionda Rusiya ilə Fransa maraqları toqquşur. Demək olar ki, Afrika uğrunda Rusiya və Fransa burada hərbi toqquşma müstəvisinə keçmək mərhələsindədir. İki ölkə arasında siyasi və informasiya savaşı gedir. O cümlədən, Fransa əvvəllər Ukraynanın silahla təchiz olunmasında passiv mövqedən çıxış edirdisə, son dövrlər bu siyasətini dəyişir. Fransa Ukraynaya bir sıra silahların verilməsində aktiv iştirak edir. Hətta bir sıra ağır silarların Kiyevə verilməsini sürətləndirir. Əlbəttə ki, bütün bunlar Moskvanı qıcıqlandırır. Bu səbəbdən Rusiyada Fransa əleyhinə tənqidlər artır. Daha sərt formada Makron hakimiyyəti tənqid olunur. Bütün bunların fonunda, əlbəttə ki, Ermənistanda Fransanın siyasəti Rusiya ilə toqquşacaq. Bu da Azərbaycan üçün unikal şərait yaradır. Xüsusilə Fransa Qarabağla bağlı qeyri-konstruktiv mövqe ortaya qoyur. Nəzərə almaq lazımdır ki, burada Rusiyanın mövqeləri müəyyən şəkildə ermənilərlə eynidir. Amma ziddiyyətlər dərinləşdikcə Rusiya Fransaya qarşı burada mövqeyini kəskinləşdirəcək. Hesab edirəm ki, ziddiyyətlər ortaya çıxacaq. Bu da Azərbaycana taktiki gedişlər etməyə imkan verəcək. Nəticədə Fransanın bizim regionda siyasi mövqeyi əhəmiyyətli dərəcədə zəifləyəcək”.
Vidadi ORDAHALLI