Avropa İttifaqının nüfuzlu informasiya və analitik nəşri olan “Eureporter” yazır ki, Makronun son açıqlamaları onun separatizmi dəstəkləməsinə sübutdur: “Fransa Prezidenti Emmanuel Makronun Marseldə erməni lobbisi ilə görüşdə qərəzli, birtərəfli və reallıqdan uzaq açıqlamaları onun Qarabağda separatizmi fəal şəkildə dəstəkləməsinə sübutdur”.
Qeyd olunur ki, Cənubi Qafqaz kiçik region olsa da, burada bir neçə fövqəldövlətin maraqları toqquşur. Müəllif Avropa İttifaqı və ABŞ-ın Ermənistanla Azərbaycan arasında sülhün yaranmasında çox maraqlı olduğunu vurğulayıb: “Həm ABŞ, həm də Aİ sülh sazişinin imzalanmasına vasitəçilik edir”.
Ancaq Fransa dövlət başçısı digər Avropa ölkələrinin Qarabağda separatizmi dəstəkləməməsindən də narahat deyil. Qeyd edilir ki, Makron etiraz və iğtişaş dalğası ilə sarsılan ölkəsində asayişi və sakitliyi bərpa etmək əvəzinə, siyasi oyunlarla məşğuldur: “Bu, Avropa İttifaqı üçün enerji resursları mənbəyi olan Cənubi Qafqaz regionunu alovlandıra bilər. Makron açıq şəkildə Cənubi Qafqazdakı vəziyyətin sülh yolu ilə həllinə qarşıdır”.
“Onun apardığı siyasət bütün platformalarda uğursuzluqla nəticələnir və hazırda Parisin Cənubi Qafqaz siyasəti də tənəzzülə uğrayır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Fransanın apardığı siyasət Avropanın maraqlarına qarşı yönəlib: “Əvvəla, Fransa prezidenti Emmanuel Makronun Marseldə Qarabağla bağlı mövqeyi ilk növbədə Ermənistan hakimiyyətinin mövqeyinə ziddir. Baş nazir Nikol Paşinyan Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Qarabağda erməni əhalisinin Azərbaycanın tərkibində qalması ilə razılaşıb. Ancaq Fransa prezidentinin bu mövqeyi erməni lobbisinin mövqeyini ortaya qoyaraq, prosesi sabotaj edir. Bir növ, Paşinyana erməni lobbisi ilə birgə müxalif mövqe sərgiləyir. Makron yeritdiyi siyasəti ilə Fransanın beynəlxalq və regional maraqlarına zərbə vurur. Eyni zamanda təmsil olunduqları Avropa İttifaqının strateji maraqlarını zərbə altında qoyur. Bütövlükdə, görünən odur ki, Makronun apardığı siyasət bütün platformalarda uğursuzluqla nəticələnir. Hazırda Parisin Cənubi Qafqaz siyasəti də tənəzzülə uğrayır. Buna baxmayaraq, öz qeyri-konstruktiv mövqeyindən geri çəkilmir. Hesab edirəm ki, Makron sonda reallıqları qəbul etmək məcburiyyətində qalacaq. Çünki başqa cür mümkün deyil. Ona görə ki, ABŞ və Avropa İttifaqı regionda beynəlxalq hüquqdan çıxış edərək prosesi dəstəkləyirsə, o zaman Parisin mövqeyi həlledici olmayacaq. Rusiya da regionda əvvəlki gücə malik deyil. Ona görə də Azərbaycan və Türkiyə tandeminə qarşı Paris zəifdir. Digər tərəfdən, Azərbaycan öz ədalətli mövqeyini qoruyub saxlayacaq. Görünən odur ki, Fransa regionda dağıdıcı siyasət aparır və bütün qırmızı xətləri keçir. Bu da növbəti mərhələdə Fransanın beynəlxalq mövqeyinin itirilməsi ilə müşayiət olunur. Fransanın iki dövlət arasında vasitəçi olması mümkün deyil. Hətta Paşinyan da “böyük bacısının” hərəkətlərindən narazıdır. Üstəlik, Azərbaycan Fransanın tərəf tutmasını nəzərə olaraq Parisi vasitəçi kimi qəbul etmir”.
Vidadi ORDAHALLI