Ermənilər bunu da etdilər. ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun yaydığı məlumata görə, Rusiya Ukraynanın işğal olunmuş ərazilərində erməni könüllü batalyonları yerləşdirir.
İyulun 2-də Moskvadakı ermənilərin yolasalma mərasimində iştirak edən “Arbat” könüllü batalyonunun fotoları yayılıb: “Həmin batalyonda Ermənistan vətəndaşları ilə yanaşı, Rusiyanın işğal etdiyi Abxaziyadan olan etnik ermənilərin də olduğunu güman edilir”.
Rusiya mənbələri Ukraynanın işğal olunmuş ərazilərində könüllü erməni batalyonları yerləşdirildiyini təsdiqləyib.
Bundan başqa, erməni batalyonunun adından yayılan bəyanatda deyilir ki, ermənilər bütün bölmələrdə təkbaşına təmsil olunublar və Qorlovkada “Arbat” dəstəsi var: “Lakin biz göstərmək istəyirik ki, Rusiyada hamı birdir, xalqlar birləşib. Komandirlərin və ictimai xadimlərin kiçik yığıncağında qərara gəldilər ki, bu, sadəcə bir vaxtlar “Arbat” kimi mövcud olan kiçik bir dəstə deyil, tamhüquqlu erməni batalyonu olsun. Biz ümumi olan hər şeyi qeyd etmək qərarına gəldik”.
“Ermənilər özləri də Ukraynanın işğalında maraqlıdılar və bu məsələdə xüsusi canfəşanlıq göstərirlər”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynovun fikrincə, ermənilərdən ibarət batalyonların Ukraynaya göndərilməsi təkcə Rusiyanın işi deyil: “Ermənilər özləri də Ukraynanın işğalında maraqlıdılar və bu məsələdə xüsusi canfəşanlıq göstərirlər. Gürcüstan mediası Ukraynaya qarşı müharibə cinayətlərinin törədilməsinə Eçmiədzin kilsəsinin də xeyir-dua verdiyini yazıb. Qeyd edilir ki, ermənilərin bu addımı Ermənistanın Ukraynaya qarşı təcavüzü deməkdir. Erməni Apostol Kilsəsi isə, yəni Eçmiədzin suveren Ukrayna dövlətinə və Ukrayna xalqına qarşı təcavüzə görə erməni muzdlularına və separatçılarına xeyir-dua verir. Necə ki, Eçmiədzin 90-cı illərin əvvəllərində Baqramyan adına batalyonun döyüşçülərinə gürcü xalqına və Abxaziyanın gürcü əhalisinə qarşı müharibədə xeyir-dua vermişdi. Ona görə də ermənilərdən nə desən gözləmək olar. Separatizm məsələsində tarix təkrar olunur. Nəzərə almaq lazımdır ki, erməni silahlı dəstələri 2014-cü ildə Krım yarımadasının Rusiya tərəfindən işğalında da iştirak edib. Bu cinayət Rusiya Könüllüləri İttifaqı adlı hərbiləşmiş təşkilatın filialı olan Krım Könüllüləri İttifaqı tərəfindən törədilib. Krım Könüllüəri İttifaqının rəhbərlərindən biri milliyyətcə erməni olan Armen Martoyandır. Ukrayna tərəfi ermənilərin bu satqınlığını bilməmiş deyil. Baxmayaraq ki, Ukraynada yarım milyonadək erməni yaşayır. Ancaq biz indiyədək eşitmədik ki, Ukrayna erməniləri ölkənin ərazi bütövlüyünün qorunmasında fəal iştirak etsinlər. Ermənistan İran istehsalı olan kamikadze dronların və digər silahların Rusiyaya ötürülməsində bilavasitə iştirak edir. Silahlar quru yolu ilə İrandan Ermənistana daşınır. Daha sonra Rusiyanın Ermənistandakı “Erebuni” hərbi hava bazasından təyyarələrlə Moskva istiqamətində daşınır. Ona görə də biz çalışmalıyıq ki, Qərb ictimaiyyəti bütün bunlar barəsində məlumatlı olsun”.
Vidadi ORDAHALLI