Deputatlardan birinin sualını cavablandıran Qarabağdakı separatçıların rəhbəri Arayik Arutyunyan hesab edir ki, beynəlxalq platformada erməni strukturlarının apardığı işlər qənaətbəxş deyil:
“Bizə növbəti təzyiq göstərmək üçün Azərbaycana səbəb lazımdır. Azərbaycan “Artsax” nümayəndə heyətini Bakıya aparmaq üçün hər şey edir”.
Onun fikrincə, ayrı-ayrı sözlər, siyasi-ictimai platformada edilən çıxışlar məsələnin həllinə imkan vermir: “Azərbaycanın məqsədi eynidir – güclü təzyiq göstərmək, cəmiyyəti parçalamaq, narazılıq dalğası yaratmaq. Ona görə də sözdə çox diqqətli olmaq lazımdır”.
Arutunyanın bu çıxışından onun bərk qorxu keçirdiyi qənaətinə gələ bilərik?Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu çıxışdan Arayikin əvvəlki vəziyyətdə olmadığı aydın hiss edilir: “Artıq vəziyyətin dalana dirəndiyini hiss edir, suda boğulan adamın saman çöpü axtarmağına bənzər davranış sərgiləyir. Bilir ki, ya Bakının şərtlərini qəbul etməlidir, ya da müqavimət göstərib məhv olmalıdır. Görür ki, Azərbaycan artıq yola nəzarəti də əlinə alıb. Buna görədir ki, Arayik əlini Ermənistandan üzüb. Təsadüfi deyil ki, şikayətlərini Ermənistana deyil, Moskvaya ünvanlayır. Arayik Arutunyan həm də bilir ki, hətta onlar Azərbaycana reinteqrasiyanı dinc yolla qəbul etsələr belə, o, Azərbaycan qanunları qarşısında cavab verəcək. Çünki əli Azərbaycanlı dinc vətəndaşların qanına batıb. Müharibə zamanı özü etiraf etdi ki, dinc əhalinin raket atəşinə tutulması əmrini məhz o verib. Qarabağ separatçılarının başçısı Araik Arutyunyan haqqında Azərbaycan Respublikasının Baş Prokurorluğunda cinayət işi açılıb. O, Azərbaycanda dinc əhaliyə qarşı terror törətməyə əmr verən şəxs olaraq müharibə cinayətləri törədib. A.Arutyunyanın istintaqa cəlb edilməsi barədə müvafiq qərar qəbul edilib. Onun həbs edilməsi üçün İnterpola məlumat verilib. Amma Araik Arutyunyanın həbsini hələ ki gerçəkləşdirmək mümkün olmayıb. O, Xankəndidə əlini-qolunu sallayaraq gəzməkdə, az qala hər gün bölgədəki Rusiya sülhməramlılarının rəhbərlərilə görüşlər keçirməkdədir. Separatçıların lideri Azərbaycan Respublikasına qarşı pozuculuq əməllərini davam etdirirdiyi üçün belə narahatdır. Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulması ilə çıxılmaz vəziyyətə düşən Xankəndidəki separatçı-terrorçu rejim mövcudluğunu saxlamaq üçün son varianta əl atır: erməni əhalisi adından “müqavimət hərəkatı”na start verilib. Bu hərəkatın başında da Qarabağ separatçılarının başçısı Araik Arutyunyan durur. Azərbaycanın Ermənistanla sərhəddə, Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurmasından sonra separatçılar arasında qarşıdurma açıq müstəviyə keçib.
Araik Arutyunyan da başa düşür ki, Ermənistan Azərbaycanla münasibətləri sahmana salmağa çalışır. O anlayır ki, parazit, separatçı və bəzi məsələlərdə maşa kimi istifadə olunan rejiminin sonu çatıb. Buna görə də, nicatını Rusiyada axtarır. Xatırlayırsınızsa, bir ara bəyanat da vermişdilər ki, Rusiyaya birləşmək haqqında referendum keçirə bilərik. Bütün bunlar göstərir ki, Araik artıq Ermənistanın nə qərar verdiyini başa düşür və məsləhətləşmələri Moskva ilə edir, təlimatları oradan alır, onlara sığınmağa çalışır”.
Məhəmmədəli QƏRİBLİ