Məlum olduğu kimi, 2 iyul ölkəmizdə polisin peşə bayramı günü kimi qeyd edilir. Bir neçə sosial şəbəkə istifadəçisi polisin peşə bayramı günü - iyulun 2-də paytaxtın mərkəzi hissəsində təxribat xarakterli aksiya təyin etdi. Buna baxmayaraq, vətəndaşlarımız və media nümayəndələri tərəfindən onların bu çağırışı dəstəklənmədi və aksiyaya heç kim qoşulmadı.
Həmin aksiyaya reaksiya verilməməsi ilə bağlı DİN-dən vətəndaşlara və media nümayəndələrinə təşəkkür edilib: "… bu gün öz peşə bayramını qeyd edən bütün polis əməkdaşları adından təyin olunan aksiya yerinə gəlməyərək anlayış nümayiş etdirən vətəndaşlarımıza və media nümayəndələrinə təşəkkürümüzü bildiririk".
Bu fakt bir daha sübit etdi ki, ölkə ictimaiyyəti polisə güvənir, kim nə desə, nə kimi çağırışlar etsə də, vətəndaşlar polisə etibar edir.
“Zaman göstərir ki, Azərbaycan polisinin cinayətkarlıqla mübarizə siyasəti doğrudur, dövlətin siyasəti əsasında həyata keçirilir”
“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan polisi uzun illərdir cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsində, cinayətkarlığa qarşı mübarizədə və digər sahələrdə özünü doğruldub: “Polis və cəmiyyət arasında münasibətlər kifayət qədər sağlam məcrəda davam edir. Hesab edirəm ki, Azərbaycanda polisə olan münasibət Avropa ölkələrinə belə nümunədir. Azərbaycanda sabitliyin qorunub saxlanılması məsələsinə bəzi ölkələr belə qısqanclıqla yanaşır. Bütöv vəchlə bu sabitliyi pozmağa çalışanlar var. Bu danılmaz faktdır. Çox təəssüf ki, həssas qrupa aid olan insanları nəyinsə qarşılığında ələ alıb Azərbaycanda sabitliyi, asayişi pozmağa cəlb etməyə çalışırlar. Ancaq zaman göstərir ki, Azərbaycan polisinin cinayətkarlıqla mübarizə siyasəti doğrudur, dövlətin siyasəti əsasında həyata keçirilir. Onu da deyim ki, son illər ərzində təxminən 33-34 min cinayət qeydə alınıb. Bu cinayətlərin 90-92 faizinin üstü açılıb. Kifayət qədər mütəşəkkil dəstə zərərsizləşdirilib. Hətta narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri ilə mübarizə, xüsusilə ağır cinayətlərin açılması önəmlidir. Bu səbəbdən də bir iki nəfərin sosial şəbəkədə məlum aksiya çağırışı ciddiyə alınmadı. Onlar istədi ki, bayram günündə polisin gördükləri işə ləkə gətirsinlər, ancaq alınmadı. Bu, Azərbaycan polisinin öz fəaliyyət istiqamətlərinin, konstitusiyaya, beynəlxalq normalara, həm də ölkə başçısı İlham Əliyevin bu sahədə verdiyi tapşırıqların və Daxili İşlər Nazirliyinin kollegiyasının göstərişlərinin canlı təzahürüdür”.
Günel CƏLİLOVA