ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinnin açıqlaması Ermənistanda böyük rezonans doğurub. Səfir qeyd edib ki, ABŞ Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşaya biləcəklərinə inanır və ümid edir:
"ABŞ istənilən növ danışıqların müsbət tendensiya olduğuna inanır. ABŞ Cənubi Qafqazda sülhün tərəfdarıdır. Biz diqqəti nəqliyyat əlaqələrinə yönəltməyi təklif edirik. İnkişaf etmiş nəqliyyat şəbəkəsi Ermənistanın xeyrinə olacaq və onun 2-3 bazardan asılılığını azaldacaq".
Onun sözlərinə görə, ABŞ Ermənistan və Azərbaycan arasında aparılan danışıqların yekun nəticəsinin tərəflərin maraqlarına uyğun davamlı sülh olmasını istəyir. Kristina Quinnə bu açıqlamasından sonra az qala "Ermənistanın düşməni" elan ediləcək səviyyədə böyük təzyiqlər var.
Səfirin bu açıqlamasını “Bakı-Xəbər”ə şərh edən politoloq Amid Əliyev hesab edir ki, ABŞ səfirinin indiki məqamda belə bəyanat verməsini heç də təsadüfi hesab eləmək olmaz: “Xüsusən, ciddi danışıqlardan sonra. Nəzərə almaq lazımdır ki, bu gün Ermənistanın TŞ katibi Armen Qriqoryan ABŞ-a səfər edir. Bu bəyanat onu deməyə əsas verir ki, birincisi: Azərbaycanın prinsipial sülh mövqeyi dəyişməyib.
İkincisi: ABŞ məhz bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyir.
Üçüncüsü: Qərb Qarabağı Azərbaycanın ərazisi kimi tanımaqla həmin ərazidəki suveren hüquqların da məhz Azərbaycana məxsus olduğunu ifadə edir. Bu, eyni zamanda erməni cəmiyyətinə bir mesaj kimi də qiymətləndirilə bilər ki, qarşıda onları məhz Azərbaycana reinteqrasiya prosesi gözləyir. Bunu istəsələr də, istəməsələr də. Bu artıq isbat olunmuş teoremdir. Bu, eyni zamanda ərazidəki RF SMQ-lərinə də bir xəbərdarıqdır ki, ciddi cəhdlə separatçıları silahlandırmaq, onlara kütləvi humanitar yardımlar göstərmək onların bölgədə qalma müddətinin artırılmasına kömək etməyəcək. Məsələ yalnız Azərbaycanın masaya qoyduğu şərtlər çərçivəsində öz həllini tapa bilər. Bəyanatın ABŞ görüşlərindən sonra verilməsi isə onu deməyə əsas verir ki, ABŞ sülh sazişi imzalanandan sonra və ya bu aralarda ciddi milli təhlükəsizlik problemi yaranacağı təqdirdə Azərbaycanın antiterror əməliyyatını dəstəkləyəcək. Bu, ən azından, bölgədə RF regional siyasətinə qarşı ABŞ-ın bölgə siyasəti ilə tam uyğyndur. Hazırki vəziyyətdə belə, Ermənistan özü bu məsələyə o qədər də ciddi yanaşmır. İki gün öncə separatçı Araik Arutyunyan kömək üçün Moskvaya yox, İrəvana məktub yazardı. Dünənki bəyanatlarında da Araik vəziyyətin onlar üçün ağır olduğunu sətiraltı olaraq bəyan etdi. Beləliklə, ABŞ-da keçirilmiş son görüşlər də Azərbaycanın mövqeyinin dəstəklənməsi və sülhün əldə edilməsi istiqamətində Ermənistana yeni təzyiqlərlə müşahidə olunub. Növbə Ermənistanın öz fikirlərini artıq şifahi şəkildə bəyan etməsi yox, kağız üzərində təsdiqlənməsinə gəlib çatıb. Əks halda Azərbaycan yenə də real addımlar atacaq”.
Məhəmmədəli QƏRİBLİ