Qafar Çaxmaqlı: "Əhali Türkiyənin həmsərhəd ərazilərinə köçməyə məcbur buraxıldı"

"Dünyadakı Qərbi azərbaycanlılar" rubrikasında XX əsrin əvvəllərində əvvəlcə daşnakların, sonra isə bolşeviklərin zülmündən baş götürüb Türkiyəyə sığınan soydaşlarımız barədə danışacağıq.
Çar Rusiyası tərəfindən Qərb ölkələrinin dəstəyi ilə ermənilər Azərbaycan ərazisinə köçürüldükdən sonra onların burda torpaq, ərazi iddiaları özünü göstərməyə başladı. XX əsrin ilk dövlətindən başlayaraq daşnaklar yerli əhali olan azərbaycanlılara qarşı zorakılıq etməyə başladılar. Kəndləri talan etdilər, evləri yandırdılar, uşaqları, qadınları, qocaları süngüdən keçirdilər. Daşnaklar Azərbaycan xalqına elə böyük zülümlər etdilər ki, bunu dillə demək çox ağrılıdır. Qərbi Azərbaycanda özlərinə yurd salan ermənilər yerli əhaliyə divan tutmağa başladı, soyqırımlar, kütləvi qətliamlar törətdilər. Azərbaycan türklərinə qarşı törətdikləri soyqırımlara ürəkləri soyumayan daşnaklar Azərbaycan türklərini öz yurd-yuvalarından qovmağa başladılar. Qətliam və deportasiya prosesi sovet dövründə də geniş vüsət aldı. Soydaşlarımızın öz yurdlarından qovulmasına bütün dünya şahidlik etdi, amma reaksiya verən olmadı. Azərbaycanlılar həm bolşeviklər, həm də ondan əvvəlki dövrdə zülmə, soyqırıma, deportasiyaya məruz qaldılar.
- "1921-ci ildə imzalanan Qars anlaşmasından sonra da, sovet hakimiyyəti illərində də Qərbi Azərbaycandan kütləvi köç baş vermişdir"
Siyasi elmlər üzrə fəlsəfə doktoru, Türkiyənin Ərciyez Universitetində ermənişünaslıq bölümü başqanı, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlının araşdırmalarından məlum olur ki, indiki Ermənistan ərazisindən ilkin dövrlərdə deportasiya edilən insanların bir xeyli qismi Türkiyəyə gedib. Q.Çaxmaqlının verdiyi məlumata görə, 1915-1920-ci illərdə Türkiyə ərazisinə 500 mindən çox Qərbi azərbaycanlı köç edib. Bu insanlar əsasən Qars, Ərzurum, Muş vilayətlərinə yerləşiblər. 1921-ci illərdə bağlanan müqavilələrdən sonra (Qars və daha sonra Moskva müqavilələri) sovetlərin əsarətində qalmaq istəməyən yüzlərcə kəndli kütləvi şəkildə Türkiyəyə pənah aparıb. Ermənilərin deportasiya etdiyi insanların xeyli hissəsi Türkiyəyə pənah aparıb orada məskunlaşıblar və davamçıları Türkiyədə yaşayırlar.
Mövzu ilə əlaqədar Q.Çaxmaqlı “Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, İrəvan xanlığı 1827-ci ildə Rusiya tərəfindən işğal ediləndən sonra xanlığın torpaqlarına ermənilərin köçürülməsi özü ilə xalqımıza bəlalar gətirdi. "Ermənilər Cənubi Qafqazda bir erməni oluşumu, dövləti qurmaq planlarını həyata keçirmək ideolojisinə gələnə qədər Qərbi Azərbaycanda azlıqda idilər. 9 min kvadrat kilometrlik bir ərazidə Ermənistan dövləti elan olunarkən belə əhalinin yarıdan çoxu Azərbaycan türkləri idi. Daşnak hakimiyyəti İrəvanın Ermənistan verildiyi gündən (29 may 1918) başlayaraq bu ərazidə yaşayan xalqımıza böyük facilər yaşatdı və əhalinin böyük əksəriyyəti doğma yurdunu tərk etmək məcburiyyəti qarşısında qaldı. Əhali Türkiyənin həmsərhəd ərazilərinə köçməyə məcbur buraxıldı. 1921-ci il Qars anlaşmasından sonra da, sovet hakimiyyəti illərində də Qərbi Azərbaycandan kütləvi köç baş vermişdir. 100 mindən artıq şəxs Türkiyənin əsasən Qars, Ərdəhan, Sürməli (İğdır), Amasya və başqa vilayətlərinə yerləşmişlər. Zaman içərisində bu əhalinin böyük bir hissəsi ölkənin Qərb bölgələrinə köç etmişlər. İndi Qərbi Azərbaycan kökənli insanların sayı təxminən. 1,5 milyona qədərdir. Onlar yoğun olaraq İstanbul, Kocaeli, Bursa, Ankara və İzmirdə yaşamaqdadırlar. Təbii ki, əhalinin ilk yerləşdiyi sərhəd bölgələrində də yaşamaqdadırlar. Qərbi Azərbaycan kökənli insanları öz doğma Vətənlərinə dönmək arzusu tərk etməmişdir. Öz doğma yurdlarında ədalətsizcəsinə bir erməni dövlətinin qurulmasını qəbul etmirlər. Bu əhalinin geri dönüşü uğrunda mübarizəsi günümüzün ən aktual məsələsidir" - deyə Q.Çaxmaqlı qeyd etdi.
İradə SARIYEVA