Brüsseldə son Azərbaycan-Ermənistan razılaşmaları həyata keçə biləcəkmi?

Abutalıb Səmədov: “Açıq demək lazımdır, sülh sazişi ilə bağlı Avropanın mövqeyi bizə uyğun deyil”

img

Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanla görüşü olub.

Bildirilir ki,  müzakirələr nəticəsində regional kommunikasiyaların açılmasına yönəlik işlərin gələcək prosesi, sərhədin delimitasiyası və təhlükəsizliyi (Ermənistan-Azərbaycan)  üzrə komissiyanın işə başlaması barədə razılıq əldə olunub. Həmçinin, iyul və ya avqust aylarında bənzər görüşün təyin edilməsi qərarlaşdırılıb.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında deyilir:

“Müzakirə səmimi və məhsuldar keçdi. Biz məsələlərin bütün spektrini nəzərdən keçirdik. Biz humanitar məsələləri, o cümlədən minalardan təmizləmə və itkin düşənlərin taleyinin həllini ətraflı müzakirə etdik. Aşağıdakı nəticələrə nail olduq:

Sərhəd məsələləri

Yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarının ilk birgə iclası keçiriləcək. Burada sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlər həll ediləcək.

Kommunikasiyaların açılması

Liderlər nəqliyyat əlaqələrini blokdan çıxarmağa başlamağın zəruriliyi ilə bağlı razılığa gəliblər. Onlar Qərbi Azərbaycan və Naxçıvan arasında və Ermənistanın müxtəlif bölgələri arasında Azərbaycandan keçməklə tranzit, eləcə də hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq daşımalara dair prinsipləri razılaşdırıblar. Xüsusilə, beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, torpaq haqları, eləcə də gömrük qaydaları barədə razılığa gəliblər. Yaxın günlərdə Baş nazirin müavinləri bu işi davam etdirəcəklər.

Sülh müqaviləsi

Liderlər Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdiyi komandalar bu prosesi irəli aparacaq.

Sosial-iqtisadi inkişaf

Aİ tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məsləhət Qrupunun işini təşviq edəcək. Mən əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini də vurğuladım. Aİ dəstəyini gücləndirməyə hazırdır.

Biz yaxın təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik. təşəkkürlər”-deyə, bəyanatda vurğulanıb”.

Ermənistan bundan əvvəlki görüşlərdə də üzərinə müəyyən öhdəliklər götürmüşdü. Ancaq sonra Paşinyan həmin razılaşmaların mahiyyətinə uyğun olmayan açıqlamalar verməyə başladı. Maraqlıdır,

Brüsseldə son Azərbaycan-Ermənistan razılaşmaları həyata keçə biləcəkmi?

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, apreldə keçirilən Brüssel danışıqlarından sonra heç bir hərəkətlilik olmadı: “Azərbaycan öz üzərinə düşən addımları atdı. Ancaq Ermənistan yenə də qeyri-konstruktivlik nümayiş etdirdi. Bu hərəkətsizliyi mən sırf Rusiyadan edilən təzyiqlərlə bağlamazdım. Paşinyan Brüsseldən qayıdan kimi həmin danışıqların əhəmiyyətini azaldan bıyanatlar verməyə başladı. Brüsseldəki son danışıqlar da irəliyə doğru addım sayıla bilər. Əsas proseslərlə bağlı Avropanın yardımı ola bilər. Söhbət kommunikasiyaların açılması, sərhədlərin dəqiqləşməsindən gedir. Sülh saxişinin imzalanması isə çox çətindir. Ermənistanın mövqeyi buna imkan vermir. Açıq demək lazımdır, sülh sazişi ilə bağlı Avropanın mövqeyi bizə uyğun deyil. Söhbət müstəqillikdən imtina edib Qarabağa ən yüksək statusun verilməsindən  gedir ki, Azərbaycan da buna gedə bilməz. Moskvanın başı bir az Ukrayna müharibəsinə qarışıb və aktiv şəkildə  proseslərə qoşula bilmir. Yenə də ümid edirəm ki, sülh sazişinin imzalanmasında həlledici rolu Rusiya oynaya bilər. Çünki Avropa İttifaqının Ermənistana ciddi təzyiq göstərmək imkanları yoxdur. Burada isə ciddi təzyiq edən vasitəçiyə ehtiyac var. Təbiidir ki, vasitəçilik missiyası uğrunda da bir rəqabət var. Rusiya prosesi öz nəzarətində saxlamaq istəyir”.

Məhəmmədəli QƏRİBLİ

Peşə etikası

Son xəbərlər