01/06/2020 02:42
728 x 90

Tramp 34 dövlətin üzv olduğu beynəlxalq müqavilədən çıxdı - Avropa və Avroatlantika təhlükəsizliyi yeni şəraitdə...

Yeganə Hacıyeva: “Sazişdən imtina ABŞ-ın özünün müəllifi olduğu və ona artıq yük olan beynəlxalq təhlükəsizlik sisteminin demontaj edilməsidir”

img

Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) təcili toplanacağı gözlənilir. Xarici medianın verdiyi məlumata görə, bu qərar ABŞ Prezidenti Donald Trampın “Açıq Səma Müqaviləsi”ndən çıxmaq qərarını elan etməsindən sonra verilib.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlamasında rəsmi Moskvanın Vaşinqtondan bu qərarın izahatını gözlədiyini bildirib. Xatırladaq ki, Tramp “Açıq Səma Müqaviləsi”ndən Rusiyanın öhdəliklərini yerinə yetirmədiyini əsas gətirərək çıxacaqlarını bəyan etmişdi. O, eyni zamanda, ölkələrin yeni sazişin bağlanması üçün bir araya gələcəklərinə ümid etdiyini bildirmişdi. Qeyd edək ki, 1992-ci ildə ATƏT-ə üzv olan 27 dövlət “Açıq Hava Sahəsi Müqaviləsi”ni imzalayıb. Müqavilə Soyuq Müharibədən sonra Avropada etimad tədbirlərindən birinə çevrilib. Rusiya isə bu müqaviləni 2001-ci ilin mayında təsdiqləyib. Ümumilikdə müqaviləni 34 dövlət təsdiq edib.

Trampın bu addımı hansı nəticələrə səbəb ola bilər və bu. NATO-nun dağılması ilə nəticələnə bilərmi? Bundan sonra Avropanın təhlükəsizliyi hansı səviyyədə olacaq?

Politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, Trampın  NATO “Açıq Səma” müqaviləsindən çıxması təşəbbüsünə ABŞ-ın  son illər ardıcıl olaraq yürütdüyü  həm adi, həm də nüvə silahının məhdudlaşdırılmasına yönəlik mövcud müqavilələr sisteminin ləğvinə hesablanmış xəttin davamı olaraq baxmaq lazımdır: “ABŞ-ın bir il öncə qlobal tərksilah sahəsində müqavilələrin ləğvi və ya müddətinin uzadılmaması haqqında təşəbbüsləri də bu qəbildən olan addımlardır. 1963-cü ildə Böyük Britaniya, ABŞ və SSRİ arasında bağlanmış müqavilə nüvə silahının atmosferdə, kosmik fəzada və suyun altında sınağının qadağan olunması barədə razılaşma idi.

“Acıq Səma” müqaviləsi isə ABŞ eks prezidentləri D.Eyzenhauer tərəfindən irəli sürülüb və ata C.Buş tərəfindən həyata keçirilib, “oyuq müharibə”dən sonrakı dövrdə Avropada qarşılıqlı inamın qurulmasını nəzərdə tuturdu. Müqaviləni imzalayan dövlətlər arasında NATO üzvlərinin əksrəiyyəti - Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, İsveç və Finlandiya var. 2002-ci ildən qüvvəyə minən müqavilə onu imzalayan dövlətlərin bir-birinin hərbi qüvvələri və fəaliyyətlərinə dair sərbəst məlumat toplamasına imkan yaradır. İndi isə ABŞ potensial rəqiblərdən, xüsusən də Rusiyadan kəşfiyyat məlumatları əldə etməyə kömək edən onilliklər boyu bağlanmış müqaviləni tərk etmək niyyətindədir”.

Politoloqun sözlərinə görə, ABŞ-ın “Açıq Səma” müqaviləsindən çıxmasını təkcə Avropa, NATO və ya Rusiya ilə hesablaşma kimi deyil,  qlobal stabilliyə xidmət edən beynəlxalq təhlükəsizlik sistemindən kənarlaşma kimi də qəbul etmək lazımdır:“Çünki “Açıq səma" müqaviləsi təkcə hərbi məqsədlər deyil, həm də mülki aviasiyanın təhlükəsizliyinə təminat verən, aviadaşımalar bazarının liberallaşdırılmasını tənzimləyən bir müqavilədir və mülki aviasiya sahəsində  məhdudiyyətləri aradan qaldırmışdı. Düzdür, bunu da qeyd etmək lazımdır ki, bu  məhdudiyyətlərin aradan qaldırılması həm də “qara daşınmalar”da mülki aviasiyanın istifadəsini bir az asanlaşdırmışdı. Burda onu da qeyd edim ki, “Açıq Səma” müqaviləsindən çıxmağı sırf Trampın öz təşəbbüsü kimi qəbul etmək doğru deyil. Çünki iki il öncə ABŞ kongresində belə fikirlər səslənmişdi. Buna səbəb isə  Rusiyanın "Açıq səma" seriyasından iki yeni təyyarənin avadanlığına sertifikat vermək xahişi olmuşdu. ABŞ  konqresində bu təşəbbüs "casusluq və milli maraqlara zərərli" kimi qiymətləndirilmişdi. Onu da qeyd etmək lazımdır ki, ABŞ son onillikdə bu sazişin üzvü diğər dövlətlərlə ikitərəfli münasibətlərdə “Açıq Səma” Sazişi imzalanması prosesini aparırdı. Bu proses artıq yekunlaşıb və o sazişin daşıdığı bütün funksiyalar, bir-iki dövləti çıxmaq şərtilə, diğərləri ilə təmin olunub.

Bir sözlə, ABŞ NATO üzrə tərəfdaşlarından məlumat almaq imkanlarını saxlayaraq, öz ərazisinə Rusiyanın nəzarət etmə imkanını aradan qaldırır. Düzdür, peyklərin köməyilə uçuş zamanı alınan məlumatın bir hissəsini əldə etmək mümkündür. Rusiya və ABŞ arasında yeganə qüvvədə olan silahların məhdudlaşdırılması razılaşması “Strateji hücum silahlarının ixtisar edilməsi” barədə müqavilədir. Sazişdən imtina isə ABŞ-ın özünün müəllifi olduğu və ona artıq yük olan beynəlxalq təhlükəsizlik sisteminin demontaj edilməsidir ki, Trampın gəlişi ilə biz bu prosesin sürətlənməsinin şahidi olduq. Bu halda isə Avropanın təhlükəsizliyinin inşası və kənar hədələrə qarşı özünümüdafiə prosesi güclənəcək ki, bu təşəbbüslər Avropanın da, ABŞ-ın da prioritetləri sırasındadır. Bu qərarın NATO-nun parçalanmasına gətirib çıxaracağı heç də inandırıcı sayılmır”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər