Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz olaraq silah daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş K.Şuari saxlanıb. Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “TT” markalı tapança aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini S.Nəzərov H.Z.Tağıyev küçəsində naməlum şəxsin onun 4500 manatını açıq talama yolu ilə aldığını bildirib.
Müraciətlə əlaqədar aparılan araşdırmalar nəticəsində qısa müddətdə bu cinayət əməlini törədənin şəxsiyyəti və onun Astara rayonu ərazisində olması müəyyən edilib.
9-cu Polis Bölməsi və Astara Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini Ş.Dadaşov rayon ərazisində saxlanıb.
Martın 27-də daxil olmuş məlumat əsasında Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayonun Turşsu adlanan meşəlik ərazisindən bir ədəd istifadəyə yararsız "AKS-74" markalı silah, 64 ədəd avtomat patronu və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
Quba RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Möhüc kənd sakini Hüseynağa İsbatova məxsus fərdi yaşayış evinin həyətində gizlədilmiş bir ədəd “Skat” markalı tapança, bir ədəd xəncər, bir ədəd təklüləli ov tüfəngi və 9 ədəd patron aşkar edilərək götürüblər.
Faktla bağlı araşdırma aparılır.