Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Colan təpələri üzərində İsrailin suverenlik haqqını tanıması məsələsinin BMT Baş Assambleyasında müzakirəyə çıxarılmasını tələb edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə TGRT kanalı xəbər verib. Xəbərdə deyilir ki, Ərdoğan Assambleya çərçivəsində ABŞ prezidentilə şəxsən görüşərək ona öz etirazını bildirmək niyyətindədir.
Türliyə prezidenti deyib ki, BMT artıq bu barədə qərar qəbul edib və Trampla görüşərək, ona “Colan təpələrini qızıl sinidə Netanyahuya seçki hədiyyəsi etməklə” böyük səhvə yol verdiyini şəxsən söyləmək istəyir. Ərdoğan deyib ki, Trampın bu addımı bütün dünyada sülhə təhdiddir və o əmindir ki, BMT “işğalın qanuniləşdirilməsinə” imkan verməyəcək.
Xatırladaq ki, daha öncə Tramp özünün Twitter hesabında ABŞ-ın İsrailin 1967-ci ildə Suriya ilə müharibə nəticəsində işğal etdiyi Colan təpələri üzərində haqqını tanımasının zamanı gəldiyini yazmışdı.