Səudiyyə Ərəbistanında müxalif jurnalist Camal Kaşıkçı cinayətilə bağlı mühakimə olunan 11 şübhəli arasında şahzadə Məhəmməd bin Salmanın keçmiş məsləhətçisi Səud əl-Kahtaninin olmadığı ortaya çıxıb.
Baki-xeber.com Euronews-a istinadən xəbər verir ki, məsələyə yaxın qaynaqlar, Riyadın "ədalət öz yerini tapacaq" sözü verməsinə baxmayaraq, Kahtaninin qapalı keçirilən məhkəmə iclaslarının heç birinə qatılmadığını deyir.
Bəzi Qərb kəşfiyyat qurumları və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Camal Kaşıkçının öldürülməsi əmrini birbaşa Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanın verdiyini deyir. Ancaq Səudiyyə rəhbərliyi bu ittihamı qəbul etmir.
Öncədən planlaşdırılan cinayətin ortaya çıxmasından sonra Salmanın məsləhətçisi Səud əl-Kahtani vəzifədən azad edilmişdi. Ancaq məsələni yaxından təqib edən ən azı yeddi mənbə, Kahtaninin yanvar ayından başlayan məhkəmə dinləmələrinin heç birinə qatılmadını deyir.
“Reuters” iki regional kəşfiyyat qurumuna istinadən xəbər verir ki, Kahtani, jurnalist Kaşıkçının öldürülməsinə birbaşa rəhbərlik edib və İstanbuldakı olayı şəxsən Skype-la idarə edib. Səudiyyə prokuroru da, Kahtaninin İstanbuldakı olayla bağlılığını təsdiqləyib.
Bəzi mənbələr hətta Kahtaninin hələ də qeyri-rəsmi şəkildə əvvəlki kimi şahzadə Salmanın məsləhətçiliyini etdiyini iddia edir.
Bundan başqa, Kaşıqçı qətlinin əsas isimlərindən biri general Asiri də məhkəmə qarşısına çıxarılıb. Məhkəmə dinləmələrindən sızan məlumatlara görə, Asiri və digərləri Kaşıqçını öldürmək istəmədiklərini, ancaq onlara verilən əmri icra etdiklərini deyiblər.
Bununla bağlı nə Səudiyyə prokurorluğu nə də vəkillər heç bir açıqlama verməyiblər.