ABŞ prezidenti Donald Tramp yeni qalmaqallı açıqlama verib. Baki-xeber.com xəbər verir ki, Trampın İsrailin əlində saxladığı Qolan təpələrinin tanınmasının vaxtının gəldiyini deməsi Avropa Birliyi və BMT tərəfindən etirazla qarşılanıb.
Sosial media hesabı “Twitter” vasitəsilə açıqlama verən Tramp Suriyanın yarım əsrdir İsrail tərəfindən ələ krçirilən Qolan təpələrini tanımağın vaxtının gəldiyini bildirib. Tramp 52 il sonra Amerika Birləşmiş Ştatlarının İsrail dövlətinin və regional təhlükəsizlik üçün strateji əhəmiyyətə malik olan Qolan təpələri üzərində suverenliyini tam olaraq tanınma zamanının gəldiyini deyib.
Bu arada İsrailin baş naziri Benyamin Netanyahu “Twitter”də Trampa təşəkkür edib. Netanyahu "İran Suriyanı İsraili məhv etmək üçün bir platforma olaraq istifadə edərkən, prezident Tramp İsrailin olan Qolan təpələri üzərində hökmranlığını cəsarətlə tanıyır. Prezident Trampa təşəkkür edirəm" deyə yazıb.
Ancaq Avropa Birliyi (AB) Trampın Qolan təpələri barədə qərarına qarşı çıxıb. AB nümayəndəsi prezident Trampın təpələrin İsrailə aid olduğuna dair qərarını tanımayacağını açıqlayıb: "AB-nin mövqeyi dəyişməyib, beynəlxalq hüquq normalarına uyğun olaraq, İsrailin 1967-ci ildən bəri ələ keçirdiyi torpaqlarda suverenliyini tanımırıq".
Bənzər açıqlama Almaniya hökumətindən də gəlib. Hökumət sözçüsü Ulrike Demmer birtərəfli addımları rədd etdiklərini deyib: “İsrailin Qolan Təpələri üzərində hökmranlığı AB qərarlarına görə etibarsızdır".
Bunun ardınca BMT baş katibinin sözçüsü Farhan Haq Trampın qərarını qınayaraq, bu məsələdə bütün BMT qərarlarının arxasında olduqlarını deyib.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı isə, İsrailin Qolan Təpələri üzərinə suverenliyinə qarşı çıxan və İsraili BMT qərarlarına əməl etməyə çağıran qərar layihəsini qəbul edib.
Rusiya hökuməti də ABŞ prezidenti Donald Trampın “Qolan təpələri” adlanan yerlə bağlı tvitinə sərt reaksiya verib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib ki, “Qolan təpələri”nin statusunun dəyişdirilməsinə səy göstərmək Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnaməsinin pozulması deməkdir. M.Zaxarova bu ərazinin Suriyaya aid olduğunu vurğulayıb.
Bundan başqa, Trampın qalmaqallı açıqlamasından sonra Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını çağırıb. Kremlin sözçüsü Dmitri Peskov toplantıda Orta Şırdəki son vəziyyətinin müzakirə edildiyini deyib.
İranın Xarici İşlər Nazirliyi (XİN) də ABŞ Prezidenti Donald Trampın Qolan yüksəklikləri ilə bağlı bəyanatını pisləyib. XİN-in rəsmi nümayəndəsi Bəhram Qasımi bildirib ki, ABŞ-ın Qolan yüksəklikləri üzərində İsrailin suverenliyini tanıması qanunsuz və qəbuledilməzdir və həmin ərazinin Suriyaya məxsus olması faktını dəyişə bilməz: "Qolan yüksəklikləri BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən də Suriyanın bir hissəsidir. Trampın düşünülməmiş qərarları Yaxın Şərqdə növbəti böhrana yol açacaq".
Türkiyə, Fransa, Suriya, Misir və Ərəb Birliyi də Trampın qərarına sərt reaksiya verib.
Xatırladaq ki, İsrail 1967-ci ildən Suriyaya məxsus bu ərazini işğal edib.