Xəbər verildiyi kimi Qazaxıstan Prezidenti Nursultan Nazarbayev istefa verib. Baki-xeber.com xəbər verir ki, Nazarbayev bəyan edib ki, istefadan sonra Təhlükəsizlik Şurasının sədri və Nur Otan partiyası sədri vəzifələrində qalacaq.
"Ciddi səlahiyyətlərə malik Təhlükəsizlik Şurasının sədri olaraq qalıram. "Nur Otan" partiyasının sədri, Konstitusiya Şurasının üzvü olaraq qalacam. Yəni sizinlə birgə qalıram" - deyə Nazarbayev xalq müraciətində bildirib.
"Mən prezident kimi səlahiyyətlərimi dayandırmaq qərarı verdim" - deyə Nazarbayev xalqa müraciətində bildirib. Nazarbayev istefasını televiziya ilə müraciətində elan edib.
Martın 20-dən prezident səlahiyyətini parlamentin yuxarı palatasının spikeri Kasım-Jomart Tokayev icra edəcək. Ölkədə növbəti prezident seçkisi isə 2020-ci ildə keçirilməlidir.
Bu arada o da məlum olub ki, Qazaxıstanın lideri gözlənilmədən istefasını elan etməsindən öncə Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti edib. Bu haqda Rusiya xəbər agentlikləri Kremlin sözçüsü Dmitri Peskova istinadən məlumat verib.
“Bu gün günorta prezident Putinin prezident Nazarbayevlə telefon söhbəti olub. Bizim hələlik söhbətin məzmunu haqda məlumatımız yoxdur”, - Peskov bildirib. O əlavə edib ki, Kreml məsələ ilə bağlı hələlik açıqlama vermir.
Rusiya Federasiyası Şurasının sədri Valentina Matviyenko isə Nazarbayevin istefasının onun üçün gözlənilməz olduğunu deyib.
Qeyd edildiyi kimi, Nazarbayev prezident postundan istefa verməsinə baxmayaraq, Təhlükəsizlik Şurasının sədri olaraq qalacaq. 2018-ci ilin iyul ayında Təhlükəsizlik Şurasının məsləhətçi statusundan konstitusional statusa keçirilməsi onun nüfuzu güclənməsinə gətirib çıxardı və Nazarbayev şuranın ömürlük sədri oldu.