Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-ya üzv olmaq üçün İsveçin müraciətini ən qısa müddətdə səsvermə üçün Türkiyə parlamentinə göndərməyə razılıq verib.
Bunu Litvanın paytaxtı Vilnüsdə prezident Ərdoğan və İsveç baş naziri Ulf Kristerssonla üçtərəfli danışıqların yekunlarına dair mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq deyib.
«Prezident Ərdoğanın İsveçin üzvlüyü haqqında protokolu Türkiyə Böyük Millət Məclisinə göndərməyə və protokolun ratifikasiyasının təmin edilməsi məsələsi ilə bağlı iclasla sıx işləməyə razılıq verdiyini elan etməkdən məmnunam», - Stoltenberq bildirib.
Lakin Stoltenberq qeyd edib ki, bu məsələ ilə bağlı parlamentin nə zaman səs verəcəyini bilmir: "Türkiyənin təsdiqləmə prosesi ilə bağlı ətraflı məlumat verə bilmərəm. Əminliklə deyə bilərəm ki, prezident Ərdoğan təsdiq prosesini ən qısa zamanda həyata keçirəcək. İsveç Avropa Birliyinin üzvü kimi Türkiyənin AB üzvlüyü prosesinə, viza liberallaşdırılmasına və Gömrük İttifaqının yenilənməsi səylərinə dəstək verəcək".
Təxminən 4 saat davam edən görüşdə İsveçin terror təşkilatı YPG/PYD və FETÖ-yə dəstək verməyəcəyini təkrarladığı bildirilib.
TAHİR