Yer üzündəki son rəqəmlərə görə, təxminən 150 min insan yeni növ koronavirusa (Covid-19) yoluxub. Bu günə qədər 5500-dən çox xəstə ölüb.
Baki-xeber.com xəbə verir ki, Çindən sonra ən çox ölümlər İtaliyada yaşanır. Ağır günlər keçirən İtaliyada ölənlərin sayı 175 nəfər artaraq 1441-ə, virusa yoluxanların sayı isə 21 min 157-ə yüksəlib.
Amerikanın “New York Times” qəzeti xəbər verir ki, Lombardiya bölgəsindəki xəstəxanalardakı həkimlər və tibb bacılarının xəstələrin vəziyyətinə görə onlar arasında seçim etmək və kimin müalicəyə alınıb-alınmayacağına qərar vermək məcburiyyətində qaldıqlarını yazır.
Qəzetin yazdığına görə, italyalı həkimlər inkişaf etmiş Avropa ölkələrinin İkinci Dünya Müharibəsindən bəri üzləşmədikləri çox böyük çətinliklə üzləşiblər.
Avropada epidemiyanın ən çox yayıldığı ikinci ölkə İspaniyadır. Hazırda İspaniyada ölənlərin sayı 122, yoluxanların sayı isə 4 min 300 nəfərdir.
İngiltərədə də koronavirus ölümləri bir gündə iki dəfə artıb. Ölkədə koronavirus diaqnozu qoyulmuş daha 10 xəstə ölüb. İngiltərə Milli Səhiyyə Sisteminin yaydığı məlumatlara görə, ölənlərin hamısı 60 yaşdan yuxarı və digər başqa sağlamlıq problemləri olanlardır.
Qeyd edək ki, İngiltərə Baş naziri Boris Conson martın 12-də keçirdiyi mətbuat konfransında "Daha çox ailə yaxınlarını vaxtsız itirəcək" ifadəsini işlətmişdi.
Ölkədə rəsmən Covid-19 diaqnozu qoyulan xəstələrin sayının 798 olduğu açıqlansa da, mütəxəssislər artıq 5-10 min insanın virusa yoluxduğunu təxmin edirlər.
İranda isə son 24 saatda 97 xəstə ölüb, bu günə qədər ölənlərin sayı 611-ə çatıb. Yoluxanların sayı isə 12 729-a yüksəlib.
45 yoluxma faktı aşkarlanan Rusiya isə koronavirus xəstələri üçün paytaxt Moskvadan təxminən 65 kilometr məsafədə Çinkinə bənzər xəstəxananın inşasına başlayıb. Rusiya layihəyə 92 milyon dollar ayırıb. Beynəlxalq xəbər agentlikləri Reuters və AP ən azı 800 çarpayılıq olan xəstəxananın fotolarını da yayıb.
Martın 16-dan etibarən Çexiya xarici vətəndaşların ölkəyə girişinə qadağa qoyulması barədə qərar qəbul edib. Asiya ölkəsi Hindistan da artan koronavirus epidemiyasından sonra sərhədlərini beş həftəliyinə xaricilərin üzünə bağlayıb.
Polşa koronavirusun yayılmasının qarşısını almaq üçün 15 martdan etibarən bütün sərhədlərini bağlamağa qərar verib. Moldovada da 15 mart tarixindən etibarən xarici ölkə vətəndaşlarının ölkəyə girişi qadağan edilir. Ukrayna da koronavirusa görə, sərhədlərini xaricilərə bağlayır.