İnsan həyatında sağalmaz fəsadlar yaradan, bəşəriyyətin bəlasına çevrilən narkomaniyaya meyllik son vaxtlar 13-15 yaşlı yeniyetmələr arasında artdığı müşahidə olunur. Təbii ki, bu müasir dünyanın ən qlobal problemi olmaqla çox təhlükəlidir. Respublikamızda, xüsusən cənub bölgəsinin mirvarisi sayılan Lənkəranda bu sırada vəziyyət həyəcan doğurur.
Odur ki, cəmiyyətin hər bir üzvü qlobal, çox bəlalı problemin həllindən ötrü mübarizə aparmalıdır. Mübarizədə əsas güc isə hüquq mühafizə orqanların üzərinə düşür. Lənkəran polisi “ Ağ ölüm”ə aman yoxdur” prinsipini əldə rəhbər tutaraq narkomaniyaya qarşı amansız tədbirlər görür. Ən çox rayonda fəaliyyət göstərən təhsil ocaqlarında olur, yeniyetmələrlə maarifləndirici söhbətlər aparırlar. Bu günlərdə rayonun Xanbulan kənd tam orta məktəbində təşkil olunan tədbir də bundan irəli gəlirdi. “Zərərli vərdişlərin və narkomaniyanın insanların həyat və sağlamlığına zərərli təsiri" adlanan tədbir Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı sayəsində keçirilirdi.
Tədbirdə çıxış edənlər-Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin nümayəndəsi Yusif Xamiyev, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Anar Həbibzadə, polis mayoru Fazil Bağırov, polis leytenantı İsmət Fərəcli, məktəbin direktoru Mərziyyə Əliyeva dövrümüzün ağır bəlası olan narkomaniyanın yaratdığı zərərlərdən, insan sağlamlığı üçün təhlükədən, eləcə də narkotik vasitələrdən yaranan asılılıqdan, ölkəmizdə narkomanlığa qarşı görülən kompleks mübarizədən ətraflı danışdılar. Bildirildi ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu, sağlam gələcəyini itirir, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin ağır nəticələrdən ömür boyu qurtula bilmir. Gələcəkdə Vətəninə, xalqına ləyaqətli övlad olmaqdan ötrü ilk növbədə zərərli vərdişlərdən, o cümlədən narkomaniyadan uzaq durmalı, əvəzində kütləvi idman tədbirlərində, məşqlərdə fəal iştirak etmək lazımdır.
Mövzu ətrafında müzakirəyə şagirdlər fəal qoşuldular, onları düşündürən suallara polis əməkdaşları tərəfindən ətraflı cavablar aldılar. Sonda narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən və idmanla bağlı video-çarx göstərildi.
Onu da qeyd edək ki, məktəbin 100 şagirdi və bir qrup müəllim heyəti tədbirə qatılmışdı.
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Biliyinin üzvü