Daşıma şirkətləri tərəfindən istehlakçıların hüquqlarının pozulması ilə bağlı faktlar müəyyən edilib. Xarici ölkələrdən daşıma xidmətini həyata keçirən “Mover” MMC və “Cargo Line” MMC tərəfindən yol verilən qanunsuzluqlar barədə çoxsaylı istehlakçı müraciətlərinə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baxılıb.
Müraciətlər əsasən bağlamaların istehlakçılara çatdırılma müddəti, vaxtı və statusu barədə məlumatların düzgün təqdim edilməməsi, bağlamaların itirilməsi, eləcə də istehlakçılar tərəfindən ödənilən vəsaitin geri qaytarılmaması ilə bağlı olub.
Qeyd edək ki, bu kimi hallar əksər karqo şirkətləri tərəfindən də tətbiq edilir. Istehlakçılar karqo şirkətlərinin fəaliyyətindən narazılıq edir. Onlar məhsulun vaxtında çatdırılmaması, bağlamanın itirilməsi və ya istifadəyə yararsız hala salınması ilə bağlı narazılıqlar edir.
“Şirkətlər insanlardan istədikləri kimi xərclər tuta bilməməlidirlər, xidmətin dəyərindən artıq pul tutmaq olmaz”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, elektron ticarətin əhatə dairəsi gündən-günə böyüyür. Bazarda hazırda onlarla yerli karqo şirkəti fəaliyyət göstərir. Ciddi rəqabətli sahədir. Burada səlahiyyətin və məsuliyyətin bölüşdürülməsi məqamları var: “Karqo şirkətlərinin sayı artıqca bu sahəyə nəzarət də azalacaq və şikayətlərin sayı artacaq. Şikayətlərin əsas məğzi məhsulun gətirilməməsi, itirilməsi, istehlakçının müraciətinə baxılmaması, müqavilə bağladığı və yükünü daşıdığı şirkətlə müştərinin əlaqələndirilməməsi və ya məhsula zərər vurulması ilə bağlı olur. O cümlədən, istehlakçıdan daha artıq vəsaitin alınması məqsədilə məhsulun çəkisinin qəsdən artırılması halları da var. Bunun üçün şirkətlər məhsulu bir neçə paketə bükürlər. Hesab edirəm ki, bu yolverilməzdir”.
Ekspertin sözlərinə görə, elektron ticarətin əhatə dairəsi gündən-günə böyüyür. Bazarda hazırda onlarla yerli karqo şirkəti fəaliyyət göstərir. Bu sahədə ciddi rəqabət var: “Bu səbəbdən də karqo şirkətləri müştərini məmnun etməyə çalışmalıdır. Məlum məsələ ilə bağlı qaydalar da müəyyən edilməlidir. Bu sahəyə ciddi nəzarət olmalıdır. Şirkətlər insanlardan istədikləri kimi xərclər tuta bilməməlidirlər. Xidmətin dəyərindən artıq pul tutmaq olmaz”.
Günel CƏLİLOVA