ATƏT-in Minsk Qrupunun həmsədrləri Vyanada keçirilən İlham Əliyev-Nikol Paşinyan görüşünün yekununa dair birgə bəyanatla çıxış ediblər.
Qeyd edilir ki, İlham Əliyevlə Nikol Paşinyan Vyanada Minsk Qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Endryu Şoferin iştirakı ilə görüş keçiriblər. Görüşdə, həmçinin, xarici işlər nazirləri Elmar Məmmədyarov, Zohrab Mnatsakanyan, ATƏT-in şəxsi nümayəndəsi Anjey Kasprişik iştirak edib.
Bəyanatda deyilir: “Görüş pozitiv və konstruktiv şəraitdə keçib, hər iki liderə öz mövqeyini aydınlaşdırmaq imkanı verib. Onlar tənzimlənmə prosesi üzrə əsas məsələlər haqda fikir mübadiləsi aparıblar. Hər iki lider sülh şəraiti vəziyyətinin yaradılması və münaqişənin dinc yolla həlli yollarının tapılması üçün konkret və qəti addımlar atılmasının əhəmiyyətini vurğulayıblar.
Tərəflər Düşənbə danışıqlarını xatırlayaraq atəşkəs rejiminin qorunub-saxlanılmasının vacibliyini vurğulayıblar. Həmçinin, humanitar sahədə bir sıra tədbirlərin hazırlanması barədə razılığa gəliblər. Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan öz ölkələrinin xarici işlər nazirlərinə yaxın gələcəkdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə yenidən görüşməyi tapşırıblar. Onlar birbaşa dialoqu davam etdirmək barədə də razılığa gəliblər”.
Həmsədrlərin bu bəyanatı və əldə olunan digər razılaşmalarla bağlı hansı qənaətə gəlmək olar?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Vyana görüşünün əsas nəticələrindən biri Ermənistanın baş naziri Nikol Paşinyanın öz qəlibinə salınması baxımından əhəmiyyətli oldu: “Vyana görüşü, Paşinyanın danışıqlar formatının dəyişdirilməsi, “Qarabağın masaya gətirilməsi” kimi fikirlərini birdəfəlik alt-üst etdiyini təsdiqlədi. Həmsədrlərin bəyanatının ümumi ruhundan da bəlli oldu ki, onlar da buna qarşıdır. Bundan sonra Paşinyanın münaqişə ilə bağlı siyasi alver etmək cəhdləri də alt-üst edildi. Vyanada tərəflər konkret nəticələrə hesablanmış substantiv danışıqların aparılması və bu addımın hazırlanması üçün XİN rəhbərlərinə göstərişlərin verilməsi ilə bağlı razılıq əldə ediblər. Bununla yanaşı, iki ölkə arasında humanitar əlaqələrin genişləndirilməsi ilə bağlı da razılıq olub. Vyana görüşü Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsində geri çəkilməyəcəyini, Dağlıq Qarabağ münaqişəsinin də yalnız ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu bir daha nümayiş etdirdi. Amma görüşün ilkin nəticələri haqqında fikirlər müsbət deyil. Vyana görüşü nəticəli danışıq olmadı. Ermənistanın qeyri-konstruktiv mövqedə olması, Nikol Paşinyanın iddialı çıxışlar etdiyini qeyd etməliyik. Lakin Ermənistan rəhbərliyi ölkəsinin gücsüzlüyünü dərk edirsə, danışıqların nəticəli olması üçün səy göstərməli idi. Vyana görüşünün nəticəsindən də görünür ki, Ermənistanda demokratik fikirli rəhbərlik, konstruktiv düşüncəli şəxslər yoxdur”.
Məhəmmədəli QƏRİBLİ