Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan birbaşa dialoqu davam etdirməklə bağlı razılığa gəliblər. Baki-xeber.com xəbər verir ki, bu barədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupu həmsədrlərinin birgə bəyanatında deyilir.
Bəyanatda Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Vyanada ilk dəfə görüşdükləri bildirilir. Qeyd olunur ki, görüşdə hər iki ölkənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak ediblər.
Bəyanatda vurğulanır ki, görüş müsbət və konstruktiv şəraitdə keçib, hər iki liderin öz mövqelərinə aydınlıq gətirmək üçün imkan yaranıb. Prezident və baş nazir tənzimləmə prosesinin bir sıra vacib məsələləri və substantiv ideyalar üzrə fikir mübadiləsi aparıblar. Onlar sülh üçün əlverişli mühitin yaradılmasının və münaqişənin sülh yolu ilə həllinin tapılması üzrə danışıqlar prosesində konkret və tutarlı addımların atılmasının vacibliyini vurğulayıblar.
“Prezident və baş nazir Düşənbədəki söhbətə istinad edərək atəşkəsin möhkəmləndirilməsinin və birbaşa əlaqə mexanizminin təkmilləşdirilməsinin vacibliyini yenidən təsdiq etdilər. Onlar öz ölkələrinin nazirlərinə yaxın gələcəkdə həmsədrlərə yenidən görüşmək barədə təlimat verdilər, həmçinin birbaşa dialoqun davam etdirilməsi barədə razılığa gəldilər” – deyən həmsədrlərin bəyanatında bildirilir.