Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında təkbətək görüş yekunlaşıb.
Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” səhifəsində yazıb ki, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələləri müzakirə olunub. H.Hacıyev qeyd edib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı və beynəlxalq hüququn prinsiplərinə uyğun Dağlıq Qarabağ münaqişəsinin mövcud format əsasında həllini dəstəkləyir.
Müzakirələrin təfərrüatları barədə məlumat açıqlanmadığı üçün nəticəni hələlik tam qiymətləndirmək mümkün deyil. Lakin Azərbaycan lideri İlham Əliyevin bu görüşə əvvəlki üç görüşdən daha fərqli yanaşdığını öncədən bütün ekspertlər söyləmişdilər. Odur ki, danışıqlarda Prezident Əliyevin heç də Paşinyanın öncədən dediyi kimi “gündəliksiz müzakirə” formatı ilə razılaşmadığı yüz faiz məlumdur. Azərbaycan Prezidentinin danışıqlarda Dağlıq Qarabağ ətrafındakı rayonların azad edilməsi ilə status-kvonun dəyişdirilməsi, BMT TŞ-nin 4 qətnaməsinə və Helsinki Yekun Aktına, ərazi bütövlüyü prinsipinə güzəştsiz söykəndiyinə heç bir şübhə yoxdur. Xüsusilə təkbətək müzakirədə Paşinyanın görüşdən əvvəlki “gündəliksiz müzakirə” prinsipi üstündə təkid edə bilməsi tamamilə mümkünsüzdür. Azərbaycan Prezidentinin tam aydın prinsiplərlə görüşə getdiyini nəzərə alsaq, onun bu şəraitdə Paşinyanla danışığı hətta bir neçə dəqiqə belə davam etdirməsinə lüzum qalmazdı və davam etdirməzdi. Konkret məlumatların yoxluğu şəraitində məntiqə söykənsək, Paşinyanın təkbətək müzakirədə özünün əvvəlki mövqeyində qalması mümkünsüzdür və danışıqların Azərbaycan Prezidentinin prinsipial platforması üzərində davam etdirildiyinə şübhə yeri qalmır. Belə bir müzakirə atmosferinin həmsədrlərin də iştirakı ilə davam etdirildiyini isə sübut etməyə sadəcə ehtiyac yoxdur. Beləliklə, yekun vurmağa çalışaq.
Təhlillər göstərir ki, Əliyev – Paşinyan görüşündə status-kvonun dəyişdirilməsi, məzmunlu danışıqların fasiləsiz davam etdirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi, Vyana və Sankt-Peterburq razılaşmalarının həyata keçirilməsi, Madrid prinsiplərinin əsas götürülməsi və növbəti görüşün mümkün qədər tezliklə keçirilməsi kimi məsələlər ətrafında, gərgin də olsa, müzakirələr gedib. Bu məsələlərlə bağlı hansısa razılaşmaların olub-olmadığını iddia etmək mümkünsüzdür. Ancaq bu məsələlər özlüyündə sübut edir ki, müzakirələr Azərbaycan Prezidentinin platforması əsas götürülməklə aparılıb.
Vyana görüşünü nəticəsiz saymağa hələlik tələsməyək.
Tahir TAĞIYEV