Azərbaycanın həyata keçirdiyi təcrid siyasəti nəticəsində kifayət qədər ağır duruma düşən Ermənistan üçün hələ də hansısa müsbət perspektiv görünmür. Bu ölkədə məlum hakimiyyət dəyişikliyindən sonra Qərbin Ermənistana böyük dəstək göstərəcəyinə dair gözləntilər də özünü qətiyyən doğrlutmur. Ermənistanın Qərbdən gözlənilən maliyyə dəstəyi almaması, İrəvanın ABŞ və Avropada eşidilməməsi lə qeyd edilənlərin real təsdiqidir.
Digər tərəfdən, ötən bir il ərzində Ermənistanın Rusiya ilə münasibətlərinin daha da pisləşməsi özünü qabarıq surətdə büruzə verir. Ekspertlər bildirir ki, Qərb və Rusiya ilə münasibətləri sürətlə pisləşən Ermənistan üçün Azərbaycanın təcrid siyasəti daha sərt nəticələr verəcək. Çünki Ermənistan əvvəllər Rusiya və Qərbdən aldığı dəstəyi də itirir və belə vəziyyətdə o, üzləşdiyi təcrid üzündən daha acınacaqlı duruma düşməyə məhkumdur. Baş verənlər Ermənistan hakimiyyətində də ciddi təşviş doğurur. Məhz bu səbəbdən Rusiya ilə münasibətləri pisləşdirən Ermənistanın baş naziri Nikol Paşinyan indi, ABŞ başda olmaqla, Qərb dövlətlərini də tənqid etməyə başlayıb. Məsələn, o bildirir ki, Amerika Birləşmiş Ştatları Ermənistandakı inqilaba, praktik olaraq, reaksiya verməyib. Parlamentdə 2018-ci il ərzində hökumət proqramının reallaşdırmasının müzakirəsi zamanı “Lusavor Hayastan” fraksiyasının üzvü Arman Babacanyanın Ermənistanın KTMT-də uğursuzluğu və Ermənistan-Rusiya münasibətlərində etibarın artmaması barədə tənqidi fikirlərinə münasibət bildirən Paşinyan etiraf edib ki, bu durumda Ermənistan-Amerika münasibətləri də nəinki inkişaf etmir, əksinə, bu əlaqələrin iqtisadi əsaslarını təşkil edən komponentlər təhdid altına düşüb: "Məsələn, mən Amerika nümayəndələrinə dedim: hesab edirəm ki, onlar praktik olaraq sıfır reaksiya verdilər. Niyə? Nə vaxt biz deyiriksə ki, bizim üçün ölkəmizin müstəqilliyi əhəmiyyətlidir, onu nəzərdə tutmuruq ki, A bəndindəki asılılıq B bəndindəki asılılıqla əvəz edilməlidir".
Ekspertlər vurğulayır ki, Avropa İttifaqı, ABŞ Ermənistanın Rusiyanın təsiri altından çıxmaq üçün müvafiq addımlar atmamasından çox narazıdır. İranla da münasibətlərin kəsilməməsinin ABŞ-da narazılıqla qarşılanması heç kimə sirr deyil. Ermənistanın Rusiyanın dəstəyilə Suriyaya hərbi birlik göndərməsi də açıq narazılıq doğurur. Nəticədə Ermənistan Qərblə gözlənildiyi kimi sıx münasibətlər qura bilmir. Ermənistanın Avrasiya İqtisadi Birliyinə və KTMT-yə üzv olması da prosesə təsirini göstərir. Məhz bunun nəticəsidir ki, Qərbdə Paşinyana qarşı narazılıq artır. Xatırladaq ki, bu xüsusda “The Washington Times” qəzeti də Paşinyanın ünvanına sərt tənqidlə çıxış edib. Qəzet açıq mətnlə vurğulayır ki, Paşinyanın siyasəti fonunda Ağ Ev və Dövlət Departamentinin içini Ermənistan sarıdan hələ də şübhələr gəmirir: “Cənubi Qafqaz ABŞ üçün strateji cəhətdən həyati bölgədir; Azərbaycan və Gürcüstan ABŞ-ın dayanıqlı və etibarlı müttəfiqləridir; Ermənistan suverenliyini Rusiyaya bağlayaraq, bu hörmətli kluba qoşula bilmir.
ABŞ rəsmisi Con Boltonun sözlərinə görə, müvəffəqiyyətin əsası Dağlıq Qarabağ münaqişəsinin – Ermənistan və Azərbaycan arasında mövcud olan qarşıdurmanın sülh yolu ilə həllidir. Bu münaqişə nəticəsində Ermənistan tanınmayan “dövlət”in adından Azərbaycan ərazisinin 20 faizini işğal edib. Ekspertlər hesab edir ki, Cənubi Qafqaz, region kimi, bütün üç xalqın tam iştirakı ilə geniş potensialını həyata keçirə bilər. Beləliklə, Ermənistan Dağlıq Qarabağ münaqişəsini sona çatdırmalı, eyni zamanda, vassalın kölgəsindən çıxmalı və tərəfdaşlığın göstəricisi kimi Rusiya ilə eşqbazlığını inkar edən davranış nümayiş etdirməlidir.
Ermənistanın İran və Rusiya ilə ittifaqdan çıxması perspektivi bir çoxlarını şövqə gətirmişdi; kasıb erməni əhalisinə fayda vermək üçün iqtisadi islahat vədləri, 1991-ci ildə Sovet İttifaqından müstəqillik qazandıqdan sonra Rusiyanın təsir dairəsindən Qərbə yönəldilən Cənubi Qafqaz qonşuları ilə uyğun bir yola çıxma sözü verilmişdi. Bütün bunlar və digər məsələlər gündəmdə idi, həm də şəffaf şəkildə, o cümlədən xoş məramla, danışıqlar yolu ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması. Münaqişə Ermənistanın hekayətinə dərindən pərçimlənir və Ermənistanda inkişafın yoxluğu dərin yoxsulluq, kəskin beyin axını və ən əhəmiyyətlisi, Ermənistanın Rusiya və İrandan asılılıqda olmasının birbaşa və dolayı səbəbidir.
Ermənistan qonşularının güzgüdəki tərs əksidir. Neft və qazla zəngin Azərbaycan və sahibkarlıq təşəbbüsü ilə tanınan Gürcüstan böyük iqtisadi inkişafdan həzz alır: neft və qaz boru kəmərləri, limanlar, Qərb-Şərq dəmir yolu, peyklər, turizm, təhsil, müasir tibb, elm, incəsənət və xalqlar arasında qarşılıqlı hörmət və ehtiram. Bir il keçsə də, cənab Paşinyanın erməni xalqına və beynəlxalq birliyə verdiyi vədlərin yerinə yetirilməsi istiqamətində, demək olar ki, heç bir irəliləyiş əldə etməyib.
Ermənistan iqtisadiyyatı qeyri-səmərəli liberallaşma və ya şaxələndirmə təcrübəsi yaşayıb. Rusiya oliqarxları hələ də enerji sektorunda, eləcə də çoxsaylı digər sahələrdə böyük paylara malikdir. Cənab Paşinyan vəzifəyə gəldiyi gündən sonra ilk səfərini Moskvaya edib və sonradan bir neçə dəfə eyni yolu gedib. İqtidara gəldikdən dərhal sonra Paşinyan dördüncü nəsil “Su-30SM Flanker-H” döyüş təyyarəsinin alınması üçün Rusiya ilə danışıqlar aparıb. ABŞ-ın başqa bir əlavə narahatlığı Ermənistanın sanksiyaları pozması şübhəsidir. Rusiyadan 140 milyon ABŞ dolları dəyərində silah tədarükü, əlbəttə, dərin narahatlığa səbəb olur. İranın ABŞ istehsallı “F-14 Tomcats” donanması necə olsun? Rusiya istehsalı olan “Flankers”lər İran hərbi hava qüvvələri üçün gözəl bir əlavə sayılardı.
Son dövrdə Ermənistan İrana sanksiyalardan yan keçməkdə kömək edib. Avropa silahları Ermənistan vasitəsilə qaçaqmalçılıqla İrana göndərilib və İraqdakı üsyançılara çatdırılıb: amerikalı əsgərlər erməni qanunsuzluğu və sanksiyaların pozulması nəticəsində həlak olub. Erməni siyasəti, diplomatiyası və iqtisadiyyatı, sözsüz ki, azlığın əlindədir. “Məxməri inqilab” məzhəkədir? Daimi sual: cənab Paşinyan Rusiya və İranın istəyi ilə status-kvonu saxlayır və ya onun idarəçilik potensialı yoxdur? Hər iki halda, Gürcüstan və Azərbaycan müvəffəqiyyət qazanmaq üçün nə etmək lazım olduğunun nümunəsi kimi görünür. Baş nazir Paşinyan yalnız onların izi ilə getməlidir”. ABŞ-ın nüfuzlu mətbu orqanında səslənən bu fikirlərdən aydın görünür ki, Rusiyada olduğu kimi, Qərbdə də Paşinyandan narazılıq artır.
Tahir TAĞIYEV