Elşən Mustafayev: “Görünən budur ki, Paşinyan Qarabağ konflikti ilə bağlı nə edəcəyini, hansı addımlar atacağını bilmir”
Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Minsk Qrupu həmsədrlərinin iştirakilə ilk rəsmi görüş ərəfəsində Paşinyanın yenidən ziddiyyətli, qeyri-ciddi bəyanatlar verməsi öz ölkəsində də birmənalı qarşılanmayıb.
O deyib ki, İlham Əliyevlə görüşdə konkret gündəm yoxdur. Yəni münaqişəyə dair ümumi məsələlər müzakirə olunacaq. Habelə Paşinyan həmsədrlərin bu günlərdə öz bəyanatlarında xatırlatdıqları Madrid prinsiplərini də “başa düşmədiyini” deyib. Onun sözlərinə görə, kim bu prinsipləri irəli sürübsə, qoy onlar mahiyyətini izah etsinlər, prinsiplərin nə demək olduğunu göstərsinlər.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri David Şahnazaryan yenə Paşinyanın Qarabağa dair mövqeyini, daha doğrusu, mövqesizliyini tənqid edib. Şahnazaryan deyib: “Mən onun Madrid prinsipləri haqda dediklərini ümumiyyətlə başa düşmürəm. Erməni hakimiyyətinin öz bazası, öz traktovkası olmalıdır. Gedib “böyük dayılardan” xahiş etməli deyil ki, bu sənəddə nə deyilir. Bakı nəyə görəsə dəqiq bildirir ki, Madrid prinsipləri dedikdə nəyi başa düşür. Erməni rəhbərliyi isə deyir: bax budur, biz Vyanaya gedirik və qoy orada izah etsinlər görək bu nə prinsiplərdir. Ondan əvvəl isə Paşinyan ümumiyyətlə demişdi ki, Əliyevlə görüşmək haqda razılıq var, amma gündəm yoxdur. Sual olunur - öz gündəmin yoxdursa, sən hara gedirsən?”
Erməni siyasətçiyə görə, həm Paşinyan, həm onun xarici işlər naziri Mnatsakanyan Qarabağ məsələsində tam siyasi və diplomatik təcrübəsizlik nümayiş etdirirlər. Sadəcə olaraq mövzudan, problemdən xəbərsizdirlər. Şahnazaryan qeyd edib ki, bu səhvlərin nəticəsində həmsədrlər və beynəlxalq ictimaiyyət indi Bakı ilə eyni mövqedən çıxış edir.
Göründüyü kimi, Paşinyanın mövqeyinə hətta öz ölkəsindən ciddi təpki var, onu səriştəsizlikdə, siyasətin əlifbasını belə bilməməkdə günahlandırırlar. Ermənistan ictimai rəyinin Vyana görüşü ilə bağlı Paşinyana qarşı belə aqressiv davranmasının kökündə hansı amil dayanır?
Azərbaycan Milli İstiqlal Partiyası sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev qəzetimizə bildirdi ki, Paşinyanın çox məntiqsiz bəyanatlarının onun öz ölkəsində də narazılıqla qarşılanacağı bəlli idi: “Bir ölkəyə rəhbərlik edən şəxs deyir ki, başqa ölkənin başçısı ilə görüşdə nəyin müzakirə ediləcəyindən xəbərsizdir. Özü də söhbət aralarında dərin konfliktin olduğu bir ölkədən gedir. Çox doğru sual verilib: gündəm yoxdursa, hara gedirsən? Əslində, Paşinyan və Ermənistan siyasi dairələri gözəl bilirlər ki, ölkə başçıları özü də vasitəçilərin iştirakilə yalnız bir-birinin üzünə yaxından baxmaq üçün görüşməz. Bu tip görüşlərdə mütləq mənada gündəm olur. Paşinyan bu cür addımları ilə tamamilə siyasi diletant olduğunu ortaya qoymuş olur. Onun bütün addımları bu yöndədir. Xarici siyasət kursunda da hara meyilləndiyini hələ dəqiq bilmir. Ən maraqlısı isə budur ki, onun ətrafına topladığı komandası da özü ağıldadır. Onlar da Paşinyan kimi ziddiyyətli və gülməli bəyanatlar verirlər. Görünən budur ki, Paşinyan Qarabağ konflikti ilə bağlı nə edəcəyini, hansı addımlar atacağını bilmir. Gündəmin olmadığı ilə bağlı imitasiyanı isə daxili auditoriyanı sakitləşdirmək üçün ortaya atır. Artıq Ermənistandakı ictimai rəy Paşinyanın siyasi oyunbazlıqla məşğul olduğunu görür. Onun qarşısında bütün istiqamətlər üzrə konkret tələblər qoyulacaq. Daxili siyasətdə də heç bir irəliləyişə imza ata bilməyən bu komandanın uzun müddət siyasətdə qala biləcəyi inandırıcı görünmür”.
Məhəmmədəli QƏRİBLİ