“1920-ci ilin avqust ayına qədər Yəmən, İraq, Suriya və digər ərəb xalqları Osmanlı dövlətinin himayəsində yaşayıblar” “O vaxt suriyalılar ermənilərə necə kömək edə bilərdilər ki, onların özlərini Osmanlı dövləti himayə edirdi”
Ermənistan hökuməti dünyaya yalan məlumatlar yaymaqda və tarixi hadisələrə yanlış yanaşma sərgiləməkdə davam edir. Bu ölkənin dövlət rəsmiləri heç bir tarixi fakta istinad etmədən həqiqətə uyğun olmayan fikirlər səsləndirirlər. Onların açıqlamalarından belə qənaətə gəlmək olar ki, sanki tarixdən xəbərsizdirlər.
Ermənistan mətbuatının yazdığına görə, bu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə gedən müzakirələr zamanı Ermənistanın Suriyaya göndərdiyi yardımla bağlı mövqeyini açıqlayıb. O, çıxışında bu yardımın əsaslı olduğunu bildirməklə yanaşı, qeyd edib ki, Ermənistan bununla suriyalılara olan “tarixi borcunu” qaytarır.
Maraqlıdır ki, N.Paşinyan bunun səbəbini tarixə ekskurs (?) edərək əsaslandırmağa çalışıb. “Əgər bu gün erməni həkim orada hansısa bir insanı xilas edəcəksə, bu bizim borcumuzu qaytarmaq anlamına gələ bilər. Çünki 1915-ci ildə (qondarma soyqırımı nəzərdə tutur - İ.S.) onların babaları bizə o vaxt çörək və su veriblər. Hesab edirəm ki, biz bunu Suriya xalqına qaytarmalıyıq” - deyə bildirən N.Paşinyan növbəti dəfə tarixi təhrif edib.
N.Paşinyanın suriyalıların 1915-ci ildə ermənilərə dəstək göstərməsi, onlara yardım etməsi ilə bağlı fikirlərinin nə kimi tarixi əsası var?
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov “Bakı-Xəbər”ə bildirdi ki, Paşinyan həmişə olduğu kimi, bu dəfə də yalan danışaraq həm erməni cəmiyyətini, həm də dünya ictimaiyyətini çaşdırmaq niyyəti güdür. Birinci Dünya Müharibəsi dövründə, konkret olaraq 1915-ci ildə suriyalıların Osmanlı dövlətinin himayəsində olduğunu xatırladan V.Abışovun sözlərinə görə, bu halda heç bir suriyalı hanısısa bir erməniyə dayaq dura bilməzdi. Paşinyanın qondarma erməni soyqırımını yenidən gündəmə gətirərək suriyalıları burada “ermənilərin xilaskarı” kimi qələmə vermək cəhdlərinin arxasında yeni siyasi məqsədlərin gizləndiyini deyən V.Abışov qeyd etdi ki, Ermənistanın Suriyaya yardım göndərməsinin səbəbi “yaxşılığın əvəzini” qaytarmaq deyil, onlar bunu Rusiyanın diqtəsi ilə edib. “Bilirsiniz ki, ermənilərin bu cür yanlış, çaşdırıcı məlumatları dünya ictimaiyyətinə çatdırmaq cəhdləri ilk dəfə deyil. Onlar həmişə özlərindən olmayan hadisələr uydurur və bundan Türkiyənin əleyhinə istifadə edirlər. 1920-ci ilin avqust ayına qədər Yəmən, İraq, Suriya və digər ərəb xalqları Osmanlı dövlətinin himayəsində yaşayıblar. Bu xalqların həmin dövrdə nəinki dövləti, hətta bir muxtariyyəti belə yox idi. Belə olduğu təqdirdə, Paşinyanın suriyalıların babalarının ermənilərə yardım etməsi ilə bağlı iddiaları doğru deyil. Bu, bir növ, qondarma erməni soyqırımının təbliğatına yönəlmiş bir məsələdir. Bu baxımdan, yalan ayaq tutar, yeriməz. Paşinyanın yalan danışdığını həmin dövrə aid bütün tarixi faktlar, siyasi hadisələr təsdiqləyir. Bütün dünya dövlətləri də yaxşı bilir ki, tarixdə erməni soyqırımı adlı bir hadisə olmayıb. Bu fikirlər də Paşinyanın növbəti dividend qazanmaq cəhdləridir. Tarixdə 1915-ci ildə suriyalıların ermənilərə dəstək göstərməsi kimi faktlar yoxdur” - deyə bildirən tarixçi-alimin sözlərinə görə, Suriya 1920-ci ildən Fransanın tərkibində olub və 1944-cü ildə müstəqillik qazanıb. Onun sözlərinə görə, Suriya müstəqil olduğu dövrlərdə də dünya siyasətinə təsir edə bilməyən zəif dövlət olub. “O vaxt suriyalılar ermənilərə necə kömək edə bilərdilər ki, onların özlərini Osmanlı dövləti himayə edirdi. Bu gün də dağıdılmış, bir dənə də olsa salamat tikilisi qalmayan Suriya əhalisinin çox böyük qisminə Türkiyə dövləti sığınacaq verib. Onlar bu ölkəyə sığınıblar. Suriyalılara hazırda ən çox dəstək verən Türkiyədir. Türkiyə Osmanlının varisi olaraq yenə də öz xeyirxah missiyasını davam etdirir” - deyə alim qeyd etdi.
İradə SARIYEVA