Əhməd Şahidov: “Erməni cəmiyyətinin necə reaksiya verməsindən asılı olmayaraq, həmin ölkə Elvin İbrahimovu qaytarmaq məcburiyyətindədir”
Erməni KİV-nin yaydığı məlumata görə, Ermənistanın ədliyyə naziri Artak Zeynalyan azaraq Ermənistan ərazisinə keçmiş Azərbaycan vətəndaşı ilə bağlı səsləndirdiyi fikrə görə ölümlə təhdid olunur. A.Zeynalyan bununla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etdiyini təsdiqləyib.
O bildirib ki, azaraq Ermənistan ərazisinə keçmiş Azərbaycan vətəndaşının ölkəsinə qaytarıla biləcəyi ilə bağlı açıqlamasından sonra bu barədə sosial şəbəkələrdə paylaşılan xəbərlərin altından yazılan şərhdə açıq ölüm təhdidi alıb. Nazir qeyd edib ki, hətta ailəsinin təhlükəsizliyindən belə narahatdır. Erməni mediası araşdırıb ki, naziri ölümlə hədələyən şəxs 35 yaşlı Tavuş vilayət sakinidir.
Qeyd edək ki, A. Zeynalyan brifinq zamanı bildirib ki, Azərbaycan vətəndaşı Elvin Arif oğlu İbrahimovun Ermənistan sərhədini keçməsində cinayət elementi yoxdursa və o öz xoşu ilə qayıtmaq istəyirsə, Ermənistan onu Azərbaycana təhvil verməlidir.
Qeyd edək ki, Azərbaycanın Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu martın 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistan Respublikası Noyamberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib. E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının apardığı ilkin araşdırma zamanı məlum olub ki, E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır. Dövlət Komissiyası E.İbrahimovun azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət edib.
Baş verən hadisə Ermənistandakı real vəziyyətin əsl inikasıdır. Azərbaycanla bağlı məsələdə hətta qanunlara əsaslanıb düz söz demək istəyən nazir belə ölümlə hədələnirsə, bu nəyin göstəricisi sayıla bilər?
Azərbaycanlı əsir və girovlarla bağlı məlumat mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, E.İbrahimovla bağlı məsələ tam sosial xarakterlidir: “Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatda olan həmin şəxsin xəstə olduğu davranışlarında da özünü büruzə verir. Bilməyərəkdən sərhədi keçib. Erməni rəsmiləri bunu ilkin təmas nəticəsində görə biliblər. Qətiyyətlə əmindirlər ki, həmin adam ruhi xəstədir. Bütün beynəlxalq konvensiyalar bu cür şəxslərin qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir. Maraqlıdır ki, E.İbrahimovla yerli və xarici hüquq müdafiəçilərinin, jurnalistlərin və ya diplomatik korpus nümayəndələrinin deyil, məhz Karen Kazaryanın atasının görüşməsi şübhəli məqamlardan xəbər verir. Açıq mesaj verirlər ki, gəlin Kazaryanla onu dəyişək. Bu, Ermənistan tərəfinin açıq təxribat cəhdidir. Onun təcili müalicəyə ehtiyacı var. O, şüurlu şəkildə sərhədi keçməyib, sadəcə, psixi pozğunluğun nəticəsində qeyri-iradi şəkildə düşmən tərəfə keçib. K.Kazaryanın E.İbrahimovla eyniləşdirilməsi əsla yolverilməzdir. Ermənistan bir terrorçunu ruhi xəstə ilə dəyişdirmək niyyətindədir. Karenin atası Armen Kazaryan azərbaycanlı əsir E.İbrahimovla görüşdə özünü sülhsevər kimi təqdim edir, guya Elvinin tezliklə sağalmasını diləyir və dərhal öz oğlu barədə söz açır, guya Karenin də ruhi xəstə olduğunu və qeyri-iradi Azərbaycan ərazisinə keçdiyini deyir. Bununla gələcəkdə Karenlə Elvinin dəyişdirilə biləcəyi mesajını verməyə çalışır. Maraqlıdır ki, artıq beşinci ildir erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bircə dəfə də olsun görüşülməyib, heç bir dənə foto və ya video yayılmayıb erməni tərəfindən. K.Kazaryanın atası bu müddət ərzində heç cəhd edibmi Dilqəm və Şahbazla görüşməyə? Bəs necə oldu ki, E.İbrahimovla görüşə bilib?”
Hüquq müdafiəçisinin sözlərinə görə, Ermənistan hakimiyyəti Elvinin Azərbaycana qaytarmağın zəruriliyini dərk edir və bu səbəbdən də onların ədliyyə naziri elə açıqlama verib: “Mən həmin nazirlə dəfələrlə beynəlxalq tədbirlərdə rastlaşmışam. Əvvəl QHT təmsilçisi olub. Beynəlxalq qayda-qanunları yaxşı bildiyi üçün doğrunu deyib. Amma görünən budur ki, Ermənistan cəmiyyətində Azərbaycana qarşı dözümsüzlük, düşmən mövqe hakimdir. Hətta nazirə olunan təhdid də gözlənilən idi. Çünki Ermənistanda yalançı və formal demokratlar hakimiyyətdədir. Əslində, bununla bütün dünya görür ki, Ermənistan cəmiyyəti heç də Paşinyanın təqdim etdiyi kimi demokratik deyil. Erməni cəmiyyətinin necə reaksiya verməsindən asılı olmayaraq, həmin ölkə E.İbrahimovu qaytarmaq məcburiyyətindədir”.
Məhəmmədəli QƏRİBLİ