“Biz hər saat, hər saniyə müharibəyə hazır olmalıyıq“. Belə bir açıqlama ilə Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının deputatı Sasun Mikaelyan çıxış edib.
Xatırladaq ki, baş nazir Nikol Paşinyan bu fraksiyanın lideridir. Sasun Mikaelyan isə fikirlərini belə əsaslandırıb: “Danışıqlar lazımdır, çünki müzakirələrsiz məsələlər həll edilmir. Amma erməni tərəfi müharibəyə həmişə hazır olmağa məcburdur. Ölkəmizin geoloji vəziyyəti elədir ki, biz həmişə hazır olmağa məcburuq. Bundan başqa, Azərbaycan yeni silahlar alır və biz onların rəqibi kimi həmişə müharibəyə hazır olmalıyıq”.
Amma erməni mediası və ekspert dairəsi belə deputatın dediklərinə böyük şübhə ilə yanaşır və buna səbəb kimi də orduda artan neqativ halları göstərirlər. Məsələn, qeyd olunur ki, təkcə rəsmi məlumatlarda son 10 gündə erməni tərəfi 3 hərbçisini tirib. Belə ki, martın 26-da işğal altında olan Dağlıq Qarabağda daha bir erməni əsgər ölüb. Bildirilir ki, Qarabağın şimal-şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrin birinin saxlanma məntəqəsində 1998-ci il təvəllüdlü, müqavilə əsasında xidmət edən Ara Arakelyan ölü tapılıb. Arakelyanın digər hərbi xidmət yoldaşı tərəfindən güllələndiyi üzə çıxıb. Qarabağdakı separatçı rejimin nümayəndəsi Naira Arutyunyanın sözlərinə görə, Arakelyanın xidmət yoldaşı olan kiçik çavuş onun qətlində şübhəli bilinərək saxlanıb. Aparılan araşdırmalar isə, əslində, daha böyük cinayət hadisəsinin baş verdiyini üzə çıxarıb. Hələlik adı və soyadı gizlədilən əslən Ermənistandan olan kiçik çavuş qarabağlılar tərəfindən təhqir edildiyinə görə avtomatla tabor komandiri Sasun Stepanyanı, taborun “Qavroş” ləqəbli qərargah rəisini, əsgərlər Andranik Koşkanyan və Ara Arakelyanı güllələyib. Nəticədə Arakelyan aldığı güllə yaralarından yerindəcə ölüb. Digər 3 nəfər isə yaralanıb. Arakelyanın valideynləri Ermənistan Müdafiə Nazirliyinin qarşısında çıxışlar edərək övladlarının hərbi hissədə məruz qaldıqları dözülməz münasibətdən, ac qalmalarından, geyim və dərmanların çatışmamasından danışıblar. Hadisənin böyüməsindən qorxan nazirlik rəhbərliyi onları yenidən İrəvandan Qarabağa göndərib. Arakelyanın valideynləri, istintaq ədalətli aparılmazsa, sakit qalmayacaqlarını bəyan ediblər. Dörd nəfəri güllələyən əsgər ilkin dindirmədə müstəntiqlərlə söhbətində məhz Ermənistandan olduğu üçün təhqirlərə məruz qalmasına etiraz əlaməti olaraq hadisəni törətdiyini bildirib: "İmkanım olsaydı, hamısını öldürərdim".
Bundan əvvəl isə yenə işğal altında olan Qarabağda erməni əsgərlər Karen Karapetyan və Artak Yegizaryan ölü tapılıb. Qeyd edilənlər hələ rəsmi məlumatlar nəticəsində üzə çıxanlardır və buraya yenə son 10 gün ərzində bir neçə yaralının olması da daxil edilsə, erməni ordusunda xaosun getdikcə dərinləşdiyi daha aydın şəkildə üzə çıxar. Digər tərəfdən, erməni mediası diqqəti bu günlərdə Mehri şəhərində yerləşən hərbi hissədə baş verən olaya da yönəldir. Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin Mehri şəhərində yerləşən hərbi hissələrindən birində 20-dək əsgər zabitlərin onlarla pis rəftarı və döyülmələrinə görə qiyam edərək hərbi hissəni tərk ediblər. Bir müddət sonra əsgərlər komandirin çağırışı ilə geri qayıdıb. 20 əsgərin hamısı cəzalandırılaraq hərbi polisə təhvil verilib. Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan "Facebook" səhifəsində hadisə ilə bağlı məlumatları şərh edib. O, mətbuatda yayılan xəbərləri təkzib edərək qeyd edib ki, nizam-intizamı pozan bir neçə əsgər ayrıca geyimdən və menyudan istifadə etməklə və zabtləri qarət etməklə hərbi hissədə öz qaydalarını tətbiq etməyə cəhd göstərib. Onun sözlərinə görə, cəhdin qarşısı alınıb və əsgərlərlə yanaşı, zabitlərin də cəzalandırılmasına qərar verilib: "Artıq bir neçə zabit məsələ ilə bağlı istefaya göndərilib". Qeyd edək ki, Ermənistan ordusunda mütəmadi olaraq əsgərlər zabitlər tərəfindən təhqir olunaraq döyülür. Bunun nəticəsində düşmən ordusunda bir neçə əsgər intihar edib. Təkcə 2018-ci ildə Ermənistan ordusunda özünə qəsd hallarının sayı 21 olub. Ümumilikdə, ötən il orduda ölən əsgərlərin sayı 71-dir. Cari ilin ötən dövrü ərzində isə Ermənistan ordusu 20-ə qədər əsgər itirib. Hüquq müdafiəçisi, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts xatırladır ki, bu günlərdə ABŞ Dövlət Departamentinin yayımladığı Ermənistanda insan hüquqlarına dair illik hesabatda ordudakı ölüm hadisələrinə də yer verilib: “Qeyri döyüş şəraitində ölən hərbi qulluqçuların ölüm hallarının yenidən araşdırılmasını tələb edən bir çox erməni əsgər ailəsi silahlı qüvvələrin keçmiş Baş Qərargah rəisi Movses Hakobyanın ölüm faktlarının gizlədilməsində xüsusi fiqur olduğunu bildirir. 2010-cu ildən biz orduda baş verən ölüm hadisələrinin statistikasını nəşr edirik”. Hüquq müdafiəçisi Janna Aleksanyan da bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin də hansı itkilər döyüş itkisi, hansılar isə qeyri-döyüş itkisi hesab olunur deyə dəqiq normativ və meyarları yoxdur. Həmin hesabat məruzədə qeyd edilir ki, mətbuatda yayılan məlumatlara əsasən, hüquq-mühafizə orqanları qeyri-döyüş itkiləri ilə bağlı bəzi cinayət işlərini yenidən qaldırıblar. Hüquq müdafiəçisi Avetik İşxanyan isə müsahibəsində bəzi cinayət işlərinin yenidən qaldırıldığını təqsdiq etsə də, bu cinayət işlərinin gedişatı barədə məlumatı olmadığını bildirib. Söhbət, həmçinin, məlum qara geyimli erməni əsgər analarının bəzilərinin övladlarından da gedir. Ancaq onların mətbuat vasitəsilə iddia etdiyi kimi, açılan cinayət işlərinin istintaqı üzrə heç bir irəliləyiş yoxdur. İndi belə bir ordu ilə Azərbaycana qarşı hansısa müqavimət göstərmək fikri, əslində, Ermənistanın özündə də istehza ilə qarşılanır. Məhz bu səbəbdən mümkün yeni savaş erməni tərəfi üçün ən böyük qorxu sayılır.
Nahid SALAYEV