Fikrət Sadıqov: “Ermənistan bundan nəticə çıxarmayacaqsa, o zaman alternativ variantlar işə salınmalıdır”
Məlum olduğu kimi, Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək. Belə ki, Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında İlham Əliyev və Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə martın 29-da Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub.
Ancaq Paşinyanın apardığı siyasət Qarabağ münaqişəsinin həlli məsələsinə ciddi yenilik gətirməyib. Paşinyan taktikanı dəyişsə də, köhnə cinayətkar hakimiyyətin işğal strategiyasından əl çəkməyib. Danışıqlar ərəfəsində bir sıra pozucu açıqlamalar verir, siyasi reveranslar edir. Bu kontekstdə Paşinyan Müdafiə Nazirliyində qapalı iclas keçirib. Erməni mediasının iddiasına görə, Paşinyan orduya müharibəyə hazırlıq tapşırığı verib. Belə ki, danışıqlar masasından qaçmağa hazırlaşan erməni baş nazir belə addımın müharibəyə səbəb olacağını anlayır. Bununla yanaşı, Paşinyan növbəti pozucu açıqlama ilə çıxış edərək bəyan edib ki, Vyanada Azərbaycan Prezidenti ilə keçiriləcək görüşün konkret gündəliyi yoxdur: “Biz sadəcə olaraq müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparmalıyıq, hesab edirəm ki, müzakirələr əvvəllər dilə gətirilmiş fikirlər çərçivəsində keçiriləcək”.
Digər tərəfdən, Paşinyan ötən il baş nazir olandan sonra cəbhə bölgəsində atəşkəsin pozulması halları azalmışdı. Ancaq məhz danışıqlar ərəfəsində Ermənistan tərəfindən atəşkəsin açıq-aşkar pozulması halları artdı. Nəticədə Azərbaycan əsgəri şəhid oldu. Ən nəhayət, danışıqlara çox az vaxtın qaldığına baxmayaraq, Ermənistan ordusu işğal olunmuş Ağdam rayonunda irimiqyaslı hərbi təlimlərə start verib. Təlimlərdə ağır silahlardan istifadə edilir.
Bütün bunlar onu göstərir ki, Paşinyan danışıqları pozmaq və yaxud da, ən azından, nəticəsiz keçməsini istəyir. Bütün bunların fonunda, Vyanada keçiriləcək danışıqlarda əhəmiyyətli nəticə əldə edilməsə, Azərbaycan nə etməlidir?
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, bu görüş Paşinyanla ilk rəsmi görüş olduğu üçün, Azərbaycan danışıqlarla bağlı öz şərtlərini açıq şəkildə ona bəyan etməlidir: “Fikrimcə, bu görüşdən elə böyük gözlənti yoxdur. Ona görə ki, bu, Dağlıq Qarabağ danışıqları ilə bağlı Paşinyanla keçiriləcək ilk rəsmi görüşdür. Düzdür, indiyə qədər Prezident İlham Əliyevin Paşinyanla müəyyən görüşləri keçirilib, amma bu görüşlər ayaqüstü olub. Hansısa tədbir çərçivəsində qısamüddətli danışıqlar keçirilib. Paşinyan müxtəlif pozucu bəyanatlar verib və təəssüflər olsun ki, yenə də belə bəyanatlar verir. Ancaq onun ziddiyyətli bəyanatlar verməsinə rəğmən, indiyə qədər hansısa istəyinə nail ola bilməyib. İlk əvvəl bəyan etmişdi ki, separatçı qurum danışıqlarda tərəf olmalıdır. Onun bu istəyi həyata keçmədi. Ən başlıcası, beynəlxalq qurumlar bunu dəstəkləmədilər. Ona başa saldılar ki, bu mümkün olan iş deyil. Hesab edirəm ki, Azərbaycanın danışıqlarda mövqeyi dəyişməz olaraq qalır. Geosiyasi iqlimdən və qonşu dövlətdə baş verən inqilabi hadisələrdən asılı olmayaraq, təbii ki, Azərbaycan Paşinyanın nazıyla çox oynamamalıdır. Biz həmişə özümüzdə gücün istifadəsi üslubunu saxlamalıyıq. Ən başlıcası, Paşinyana bunu açıq şəkildə izah etməliyik. Düşünürəm ki, Vyana görüşündə dövlət başçısı bunu Paşinyana izah edəcək. Azərbaycan açıq şəkildə bəyan etməlidir ki, bundan sonra nəticəsiz danışıqlara qatılmayacaq. Ermənistan bundan nəticə çıxarmayacaqsa, o zaman alternativ variantlar işə salınmalıdır”.
Vidadi ORDAHALLI