İbrahim Rüstəmli: “Rusiyalı ekspertin bu sayaq çıxış etməsi hərbidən çox, siyasi motiv daşıyır”
Rusiyalı hərbi ekspert Vladimir Evseev İrəvanda keçirilən tədbirlərdən birindəki çıxışı zamanı Azərbaycanla Ermənistan arasındakı hərbi güc balansını “təhlil” edib. O bildirib ki, Rusiya Ermənistana verdiyi silahlarla Azərbaycanın hərbi üstünlüyünü azalda bilib.
Bu xüsusda hərbi ekspert xüsusi olaraq “İsgəndər” raketlərinin adını çəkir. Evseev bildirir ki, Azərbaycan buna cavab olaraq Belarusdan “Polonez” raketlərini alıb arsenalına daxil etdi, ancaq bu, “İsgəndər”lərdən qorunmaq üçün yetərli gücə malik deyil: “Ermənistan, həmçinin, Azərbaycanın İsraildən aldığı pilotsuz uçan aparatlarla mübarizə üçün Rusiyadan radioelektron mübarizə cihazları əldə edib”.
Göründüyü kimi, rusiyalı mütəxəssis Ermənistanın əldə etdiyi müəyyən silahların adını çəkməklə hərbi balansı qoruya bildiyini, hətta önə çıxdığını iddia edir. Bu iddiaları nə dərəcədə əsaslı saymaq olar?
Hərbi ekspert İbrahim Rüstəmli qəzetimizə açıqlamasında bildirdi ki, rusiyalı hərbi ekspertin məlum fikirləri kifayət qədər təxribat xarakterlidir: “Heç bir məntiqə və reallığa sığmayan bu müqayisənin özü belə yersizdir. Bəli, onlar “İsgəndər” alıb, onun da əvəzində Azərbaycan “Polonez” alıb. Bu silah Belarusdan alınıbsa, o demək deyil ki, yaxşı silah deyil. “Polonez” kifayət qədər güclü silahdır və “İsgəndər”ə tam alternativ sayıla bilər. Hətta bəzi parametrlərinə görə onu üstələyir də. Rusiyalı ekspertin bu sayaq çıxış etməsi hərbidən çox, siyasi motiv daşıyır. Bu mənada ki, o, Rusiyanın Ermənistana verdiyi əvəzsiz dəstəyi ifadə etmək istəyir. Əslində, Ermənistanın hərbi gücü Azərbaycanınkı ilə heç bir halda müqayisəyə gəlmir. Gəlin rusiyalı hərbi ekspertin bu çıxışını daha çox siyasi təhlil nöqteyindən siyasi dividendlərə hesablanmış bir çıxış kimi dəyərləndirək. Azərbaycan raket komplekslərinin bütün parametrlərinə görə üstün mövqeyə malikdir. Biz həmin raketləri lokallaşdırmaq barəsində də üstün mövqeyə sahibik. Yəni hava hücumundan müdafiə qoşunlarımız Ermənistandan müqayisəyə gəlməyəcək dərəcədə güclüdür. Bir faktı da qeyd edim ki, Azərbaycan silahlanmada təkcə Rusiya ilə deyil, ondan 5 dəfə çox inkişaf etmiş ölkələrlə də əməkdaşlıq edir. Biz ABŞ-dan, İsraildən və başqa ölkələrdən də silah alırıq. Belarusun adını bu xüsusda xüsusi qeyd edə bilərik. Bizim hərbi sahədə Minsklə əməkdaşlığımız o səviyyədədir ki, bu hətta Ermənistanın siyasi rəhbərliyini narahat edir. Bu baxımdan da həmin ekspertin iddialarını ciddiyə almaq lazım deyil”.
Məhəmmədəli QƏRİBLİ