Vüqar Qədirov: “Ermənilərin xoşuna gəlsin deyə, nəsə danışmaq üçün belə pafoslu mövzulardan istifadə edir”
Rusiyalı ermənipərəst deputat Konstantin Zatulin İrəvanda jurnalistlərə açıqlamasında təxribat xarakterli açıqlamalar verib. Ermənistan mətbuatının verdiyi məlumata görə, o, KTMT ətrafındakı situasiyanı qeyri-standart adlandırıb: “Mən KTMT əməkdaşı deyiləm və baş katib təyin olunmasına heç bir aidiyyətim yoxdur. 6 dekabrda (KTMT dövlət başçılarının Sankt-Peterburq sammiti nəzərdə tutulur – red.) təşkilata üzv ölkələrin liderlərinin hansı qərarı qəbul edəcəklərini demək mənim üçün çətindir. Mən oda yağ tökmək istəmirəm”.
Zatulin daha sonra bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Qarabağın “müstəqilliyinin” tanınmasından və Dağlıq Qarabağa aid olmayan bir sıra ərazilərin qaytarılmasından keçir.
Dumada Ermənistanın lobbi fəaliyyətini həyata keçirən deputat 2016-cı ilin aprel ayında Ermənistanla silahlı qarşıdurmaya görə Azərbaycanı ittiham edib.
Zatulin vaxtilə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə etdiyi qanunsuz səfərini də xatırlayıb: “Qarabağa ilk dəfə 1994-cü ildə Robert Köçəryanla gəldim. Azərbaycanın etirazına baxmayaraq, mən Qarabağa gəldim”.
Qeyd edək ki, o bundan əvvəl İrəvanda jurnalistlərə açıqlamasında Qarabağı “müstəqil subyekt” kimi tanıdığını demişdi.
Daim ermənilərin yalı ilə başını dolandıran bu şəxsin belə məzmunlu açıqlamalarına biz öyrənmişik. Amma maraqlı görünən onun münaqişənin həlli ilə bağlı “Dağlıq Qarabağ münaqişəsinin həlli Qarabağın müstəqilliyinin tanınmasından və Dağlıq Qarabağa aid olmayan bir sıra ərazilərin qaytarılmasından keçir” kimi həll “formulu” təklif etməsidir. Zatulinin bu yanaşmasına hansı qiyməti vermək olar?
Politoloq Vüqar Qədirov qəzetimizə açıqlamasında bildirdi ki, Zatulinin reputasiyası bizə məlumdur: “Mənə elə gəlir ki, Azərbaycan tərəfi ondan heç vaxt normal bir münasibətin sərgilənəcəyini heç gözləmir də. Çünki həmin adamın çoxillik “fəaliyyəti” yalnız ermənilərin haqsızlıqlarını dəstəkləməyə yönəlib. Onun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklifi, əslində, yeni deyil. Bunu ermənilər də dəfələrlə səsləndiriblər. Yəni ermənilərin arzusunu ifadə etmiş olur. Ancaq Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməz olaraq qalır. Biz bu ardıcıl siyasətimizdə daim eyni mövqedən çıxış etmişik. Zatulinin alver fəlsəfəsi yalnız özünə lazım ola bilər. Azərbaycan tərəfinin mövqeyi belədir ki, Dağlıq Qaarabağın ətrafındakı işğal altında olan torpaqlar qeyri-şərtsiz azad edilməlidir. Bundan sonra biz Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək status verməyə hazır olduğumuzu Prezident səviyyəsində bəyan etmişik. Zatulin bunu gözəl bilir. Sadəcə, ermənilərin xoşuna gəlsin deyə, nəsə danışmaq üçün belə pafoslu mövzulardan istifadə edir. Buna görə də biz deyilən personaya hansısa müstəqil tərəfin təmsilçisi kimi yox, elə Ermənistan rəsmisi kimi yanaşmalıyıq. Əslində, onun bu cür davranışları Rusiya ilə Azərbaycanın münasibətlərinə sərinlik salmış olur. Çünki həmin adam Rusiya Dumasını təmsil edən deputatdır. Yaxşı olardı ki, onun bu cür təxribatçı davranışları ilə bağlı Rusiya tərəfi ölçü götürsün. Ermənilərə qalsa, onlar Zatulinin sərsəm bəyanatlarından zövq alırlar” .
Məhəmmədəli QƏRİBLİ