Məlum olduğu kimi, Strasburqda baş nazir Nikol Paşinyan Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç ilə görüşüb. Görüş zamanı diqqəti çəkən məqam Paşinyanın Avropa Şurasının mənzil-qərargahı qarşısında quraşdırılan erməni xaçkarına gül dəstəsi qoymasıdır.
Maraqlıdır, Strasburqda Avropa Şurasının qarşısında "erməni xaçkar" abidəsi hansı məntiqlə qoyulub? Ümumiyyətlə, həmin yerdə xaçkar olmalıdırmı?
“Avropa Şurasının mənzil-qərargahı qarşısında erməni xaçkarının quraşdırılması həmin qurumun mahiyyətini, niyyətini bir daha ortaya qoyur”
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi icmalçı Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Strasburqda baş nazir Nikol Paşinyanın bu şəkildə qarşılanması müəyyən təsəllilərlə bağlıdır: “Avropa Şurasının mənzil-qərargahının qarşısında “erməni xaçkar”ini quraşdırılması və ora Paşinyanın gül dəstələri qoyması onlar üçün kiçik təsəllidir. Ermənilər yaxşı bilir ki, nə etsələr də heç bir nəticə əldə edə bilməyəcəklər”. F.Ələkbərli hesab edir ki, Avropa Şurası xristian kimliyinə bürünməməli, erməni dəstəkçisi rolunda çıxış etməməli idi. Söhbət beynəlxalq ədalət, hüquq, insan haqlarından gedirsə, bu qəbuledilməzdir: “Avropa Şurası belə həssas idisə niyə bu illər ərzində Xocalı faciəsi ilə bağlı abidə quraşdırmayıb? Avropa Şurası rəhbərliyinin əsas mahiyyəti beynəlxalq hüquq və insanlığa qarşı çıxmaqdır. Çünki Xocalı faciəsi zamanı insanlığa qarşı çıxılıb. Ancaq beynəlxalq qurumlar bu məsələdə ikili standart nümayiş etdirdi. Onlar hər zaman olduğu kimi ermənilərə diqqət göstərir. Xüsusilə də erməni terrorçulara xüsusi qayğı ilə yanaşıblar. Avropa Şurasının mənzil-qərargahı qarşısında erməni xaçkarının quraşdırılması həmin qurumun mahiyyətini, niyyətini bir daha ortaya qoyur. Bu fakt bir daha sübut edir ki, bizim yolumuz türk, müsəlman birliyindən keçir.
Günel CƏLİLOVA