Məlumdur ki, ötən il İranda etirazlar başlayandan bəri insan hüquqlarına hörmət kəskin şəkildə aşağı düşüb. İranda molla rejiminə etiraz edənlərə qarşı hökumətin amansız rəftarı davam edir.
Məhbuslara işgəncə verilir, edam sayı əhəmiyyətli dərəcədə artıb. Bununla kifayətlənməyən molla rejimi həlak olan etirazçıların məzarını belə cəzalandırır. Bu dəfə hökumət aksiyalarda öldürülən etirazçının qəbrini yandırıb.
Artıq belə görünür ki, molla rejimi hətta aksiyalarda öldürülən etirazçılardan da əl çəkmir. Qəbri yandırılan mərhum aksiya iştirakçısının Məcid Kazımi olduğu bildirilib.
“... digər insanlara nümayiş etdirmək istəyirlər ki, etiraza qalxmağın sonu belə olacaq”
Tehran rejiminin məlum hərəkəti ilə bağlı fikir bildirən siyasi şərhçi Mətin Məmmədli "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, İran hakimiyyətinin təbiəti onların belə bir addım atmasına səbəb olur: "Həlak olan etirazçıların məzarını yandırmaq ondan xəbər verir ki, İran hakimiyyəti baş verən hadisələrdən ehtiyat edir. Həmçinin, etirazçıların məzarıni yandırmaqla digər insanlara nümayiş etdirmək istəyirlər ki, etiraza qalxmağın sonu belə olacaq. Ümumiyyətlə, Tehran rejimi öz hakimiyyətini qorxu üzərində qurub. Millət artıq bu rejimin əlindən cana gəlib".
Siyasi şərhçinin sözlərinə görə, İran hakimiyyəti nəinki qonşularına, hətta öz xalqına qarşı da sərt diktatura rejimi qurub. Hətta ötən il hicab qaydalarını pozan 22 yaşlı Məhsa Əmininin polis əməkdaşları tərəfindən döyülərək öldürülməsi İranda kütləvi etiraz aksiyalarına səbəb oldu. Gənc qızın ölümündən hiddətlənərək küçələrə axışan etirazçıların əsas tələbi insanların azadlıq hüququnun tanınması, hicab qaydalarının ləğv olunması idi. Ancaq bununla belə İranda edam halları daha da artdı. İran hakimiyyəti indi də həlak olan etirazçıların qəbrini rahat buraxmır: "Bununla da İranın antidemokratik molla rejimi özünün vəhşiliyini dünyaya bir daha nümayiş etdirir".
M.Məmmədli onu da əlavə etdi ki, Tehran hakimiyyəti bu üsuldan 44 ildir istifadə edir. Ancaq heç nə dəyişməyib. Cəmiyyət azadlıq, ədalət istəklərini yenə müdafiə edir.
Günel CƏLİLOVA