Qətər Paşinyanı elə qarşıladı ki, sanki məscid dağıdan ölkə bu deyilmiş...

İyunun 13-də Ermənistanın Baş naziri Nikol Paşinyan Qətərə iki günlük rəsmi səfər edib. Doha Beynəlxalq Hava Limanında Paşinyanı xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Əl-Mureyxi qarşılayıb. Paşinyan Qətər dövlətinin ali rəhbərliyi ilə bir sıra görüşlər keçirib, nüfuzlu "Əl-Cəzirə" televiziya kanalına müsahibə verib.
Paşinyanın keçirdiyi görüşlərin gündəliyinə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi məsələləri daxil edilib. Paşinyan Qətər dövlətinin baş naziri, daxili işlər naziri Şeyx Xalid Bin Xəlifə Bin Əbdüləziz Al Tani ilə görüşüb. Şeyx Xalid bin Xəlifə bin Əbdüləziz əl Tani bu səfərin nəticələrindən sonra Ermənistan və Qətər hökumətləri arasında əməkdaşlığın yeni səviyyəyə qalxacağına əminliyini ifadə edib.
Öz növbəsində Paşinyan qeyd edib ki, Ermənistan və Qətər arasında siyasi dialoq yüksək səviyyədədir, ona görə də ikitərəfli iqtisadi əlaqələrin inkişafına və genişlənməsinə yeni təkan vermək lazımdır. Görüşün nəticəsi olaraq iki ölkə arasında bir sıra sənədlər, memorandumlar imzalandı. Paşinyan və Qətər İnvestisiya Agentliyinin rəhbəri birgə layihələrlə bağlı məsələləri müzakirə ediblər.
Bir sözlə, Qətərdə Paşinyan çox bötyük təmtəraqla qarşılandı. Ermənistana, Paşinyana və onun nümayəndə heyətinə elə xoş münasibət bəsləndi ki, sanki bu ölkə investisiyaların cəlb edilməsi baxımından ən uyğun dövlətdir. Paşinyan elə isti qarşılandı ki, sanki işğal dövründə Qarabağda, o cümlədən Ermənistanda islam irsini ermənilər yox, bir başqası məhv edib. Sanki illər öncə İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini pisləyən qətnaməsi olmayıb.
- “Paşinyan varlı ərəb ölkələrindən Ermənistanın xeyrinə bəhrələnməkdən ötrü belə canfəşanlıq edir”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucov bəzi ərəb ölkələrinin Ermənistanla yaxın əlaqələr qurmasını həmin ölkələrin keçmişdə baş verənləri görməzdən gəlmələri ilə əlaqələndirdi: “Müəyyən ərəb ölkələri var ki, onlar üçün islam həmrəyliyi anlayışı formal əhəmiyyət kəsb edir. Həmin dövlətlər üçün biznes maraqları müsəlman irsini qorumaqdan daha öndə gəlir. Livan, Qətər, Birləşmiş Ərəb Əmirliyi, İordaniya belə ölkələrdəndir. İndiyə qədər adıçəkilən ölkələr bir dəfə olsun Ermənistanın apardığı işğalçılıq siyasətinə, məscidləri dağıtmasına öz etirazını bildirməyib. Hansı ki, eyni regionda yerləşən və ərəb dünyasında böyük çəkiyə malik olan Səudiyyə Ərəbistanı uzun illərdir Ermənistanla diplomatik münasibətlərə malik deyil. Livan və Suriyanın Ermənistanla yaxın olmasının ənənəvi kökləri var. Adıçəkilən ölkələrdə etnik ermənilər kompakt yaşadıqlları üçün güclü lobbi formalaşdırıblar. Suriyanın Rusiya ilə yaxın əlaqələri də bu məsələdə müəyyən rola malikdir. Məsələnin digər ttərəfi onunla əlaqədardır ki, bir sıra ərəb ölkələri 44 günlük Vətən müharibəsindən sonra yanaşmalarını dəyişiblər. İşğal amili aradan qalxdığı üçün sözügedən ölkələr hesab edir ki, Ermənistanla yaxın əlaqələr qurmaq olar. Ancaq ya erməniləri yaxından tanımadıqlarından, ya da biganəlikdən bunlar anlamaq istəmir ki, Ermənistan müsəlman irsinə vandal münasibət sərgiləyir. Bu isə o deməkdir ki, Qarabağda, Şərgi Zəngəzurda, İrəvan və Göyçədə məscidləri məhv edən Ermənistandan müsəlman ölkələrinə dost olmaz. Paşinyan varlı ərəb ölkələrindən Ermənistanın xeyrinə bəhrələnməkdən ötrü belə canfəşanlıq edir”.
Bu səbəbdən partiya funksioneri hesab edir ki, ərəb ölkələri bu amili nəzərə almalıdır.
Vidadi ORDAHALLI