Türkiyənin Rusiya S-400-lərindən imtina etməsinə çalışan və illərdir Ankaranın "Patriot" sistemləri tələblərini geri çevirən ABŞ yeni qərarla satışa razılıq verib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) tabe olan Müdafiə Təhlükəsizlik Əməkdaşlıq Agentliyi sözügedən satışın təsdiq edilməsinə dair yazılı açıqlama yayıb.
Açıqlamada deyilir: "Dövlət Departamenti təxminən 3.5 milyard dollar məbləğində olan 80 MIM-104E tuşlama sistemi ilə təhciz edilmiş "Patriot" raketi, 60 təkmilləşdirilmiş "Patriot-3 "(PAC-3) raketi və müvafiq ehtiyat hissələrinin satışının təsdiq edilməsi ilə bağlı qərar qəbul edib.
Satışın təsdiq olunmasının Türkiyənin hava müdafiə qabiliyyətinə əhəmiyyətli çeviklik qazandıracağı ifadə edilən açıqlamada bildirilir ki, hava və raket təhdidlərinin və başqa hücumların qarşısına almaq qabiliyyətinə malik təhlükəsiz bir Türkiyə NATO və Avropa qitəsində sülh və sabitliyi təmin edəcək.
ABŞ Dövlət Departamentinin 3.5 milyard dollar dəyərindəki “Patriot” sistemlərinin Türkiyəyə satışına razılıq verməsindən sonra ən çox maraq doğuran mövzu isə Türkiyənin Rusiyadan alacağı S-400 hava müdafiə sitemlərindən imtina edib-etməyəcəyidir. “Reuters”ə açıqlama verən Türkiyə rəsmiləri, ABŞ-ın Patriot raket sistemlərinin satışına “yaşıl işıq” yandırmasını məmnuniyyətlə qarşıladıqlarını, ancaq Ankaranın Rusiya S-400-lərini almaq qərarının dəyişməyəcəyini deyiblər.
Rusiya da, Türkiyə ilə imzalanan S-400 razılaşmasının davam etdiyini və satışın bütün hallarda gerçəkləşəcəyini bildirib. Kremlin sözçüsü Dimitri Peskov ABŞ-ın qərarının Rusiyanın S-400 satışına təsir etməyəcəyini deyib. Moskva həmçinin, Türkiyənin Rusiya raket sisteminin sirlərini ABŞ-la paylaşması üçün bir səbəb olmadığını da vurğulayıb.
Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Sergey Jeleznyak isə ABŞ-ın Türkiyəyə “Patriot” raket sistemlərinin satışını, Moskva ilə Ankaranın S-400 razılaşmasına mane olmaq üçün təsdiqlədiyini iddia edir.