Son zamanlar Venesuelaya nüvə raketləri daşıya bilən iki döyüş təyyarəsi göndərən Rusiya ABŞ-la münasibətləri gərginləşdirə biləcək daha bir qərar verib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Venesuelada Rusiya hərbi bazasının qurulması barədə iki ölkə arasında razılıq əldə olunub.
Hərbi baza Venesuela paytaxtı Karakas şəhərindən 200 km şimal-şərqdə yerləşən La Orçila adasında qurulacaq.
Rusiya mətbuatı Moskvanın bu qərarının, ABŞ-ın 1987-ci ildə imzalanmış orta mənzilli raketlərin ixtisarına dair müqavilədən çıxmaq hədələrinə cavab olduğunu yazır. Bundan başqa, sözügedən qərarın Venesuela prezidenti Nikolas Maduro və onun hökumətini ABŞ təhdidlərindən qorunmaq məqsədi daşıdığı deyilir.
Xatırladaq ki, Rusiya bir müddət əvvəl birgə hərbi təlim çərçivəsində Venesuelaya nüvə raketləri daşıya bilən “Tu-160” növ 2 döyüş təyyarəsi göndərib. 5 min 500 km mənzili olan klassik yaxud nüvə başlıqlı kruiz raketləri daşıya bilmə qabiliyyətinə malik, NATO tərəfindən kod adı “Blackjack” olan “Tu-160” döyüş təyyarələri səs sürətinin 2 qatınadək sürətlə uça bilir. Sözügedən təyyarələr Suriyadakı əməliyyatlarda da istifadə olunub.
Rusiyanın bu addımına ABŞ sərt reaksiya verib. ABŞ dövlət katibi Mayk Pompeo rəsmi “Twitter” hesabında bununla bağlı yazıb: "Rusiya rəhbərliyi dünyanın digər tərəfində Venesuelaya iki bombardmançı göndərdi. Rusiyanın və Venesuela xalqı vəiyyəti olduğu kimi açıq görməlidir - iki korrupsiyaya uğramış hökumət, xalqlar əziyyət çəkərkən dövlət fondlarını boş yerə sərf edir və insan azadlıqlarını məhv edirlər".
Pentaqon sözçüsü Robert Manninq isə, Rusiyanın, Venesuelada humanitar bir faciə yaşandığı bir vaxta bu ölkəyə hərbi təyyarə göndərməsinin uyğunsuz olduğunu deyib.
ABŞ-ın Kolumbiyaya qaçan Venesuela vətəndaşları üçün xəstəxana gəmisi göndərdiyini deyən Pentaqon sözçüsü “buna qarşılıq, Rusiya insan əli ilə yaradılan bu fəlakətə yardım etmək əvəzinə bölgəyə hərbi yəyyarələr göndərir” deyib.