Rusiyanın Ukraynanı işğal etmək cəhdi davam etdiyi bir vaxtda, Kremlə qarşı ayağa qalxan rus muzdlu dəstəsi “Vaqner”in üsyanı vəziyyətin dəyişməsinə səbəb olub. ABŞ “Vaqner”in Ukraynadakı təsirinin azaldığını açıqlayıb. Bu açıqlama ilə yanaşı diqqətçəkən bir iddia da irəli sürülüb.
Rusiyalı siyasətçi Andrey Kartapolov dövlət televiziyasında Rusiya prezidenti Vladimir Putinin keçən ay qısa müddətli qiyama qalxan “Vaqner” əsgərləri ilə bağlı planının olduğunu açıqlayıb.
Kartapolov Putinin mövqe dəyişdirən “Vaqner” qoşunlarını Polşa və Litva sərhədinə yerləşdirməyi planlaşdırdığını iddia edib. Muzdluların Baltik bölgəsindəki NATO üzvü Polşa və Litvaya mümkün hücuma hazırlaşdığı iddia edilib.
Polşa kəşfiyyat orqanları da bölgədə nəzarəti gücləndirdiyini açıqlayıb. Bildirilir ki, Polşa rəsmiləri NATO və Rusiya üçün strateji əhəmiyyət kəsb edən bölgədə nə qədər “Vaqner” döyüşçüsünün Belarusa gedəcəyini diqqətlə təqib edir.
Bu ərazinin NATO-nun “ən zəif nöqtəsi” olduğu və Rusiyanın buranı vurmağı planlaşdırdığı iddia edilir.
Tahir TAĞIYEV