Ermənistanın yeni parlamentindən maraqlı xəbər yayılıb. Baki-xeber.com erməni mediasına istinadən xəbər verir ki, yeni parlamentin iclasında müxalifətçi "Mənim şərəfim" və "Ermənistan" fraksiyalarının parlamentin daimi "Arsax" komitəsinin yaradılması təklifi 33 səsə qarşı 68 səs çoxluğu ilə rədd edilib. Layihənin əleyhinə tam şəkildə Paşinyanın deputatları çıxıb.
Layihəyə görə, "Arsax" komitəsi Ermənistanla qondarma DQR arasında iqtisadi, siyasi, diplomatik, maliyyə, hərbi, humanitar, sosial, mədəni əlaqələri möhkəmləndirmək missiyası həyata keçirməli idi. Ən maraqlısı odur ki, layihədə komitə "Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə dialoq prosesini bərpa etmək" kimi missiyanı da yerinə yetirməli idi. Paşinyançı qüvvələrin bu imtinası nə ilə bağlıdır?...
Layihənin müəllifi, "Mənim şərəfim" fraksiyasının rəhbəri, sabiq paşinyançı DTX naziri Artur Banesyan deyib ki, bu layihədən imtina edənlər "Arsaxı" tədricən unutdurmaq istəyənlərdir.
Ramil QULİYEV