20 iyulda Kiprdən dünyaya çox önəmli mesajlar veriləcək.
Baki-xeber.com-un xəbərinə görə, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar deyib. Eyni zamanda o, Maraşın qaytarılmasının artıq gündəmdən çıxdığını bildirib.
Qeyd edək ki, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Türkiyədə səfərdədir və İstanbul, Elazığ, Malatya və Diyarbəkirdə bir sıra görüşlər keçirib.
Prezident Ersin Tatar Elazığdakı bəzi yerli televiziya kanallarına müsahibə də verib. "Kanal 23" və "Kanal Fırat"da qonaq olan Tatar Kipr probleminin yeganə həllinin suverenlik olduğunu deyib.
Ersin Tatar Kiprdə bir həll yolu tapılacağı təqdirdə onun Türkiyəsiz Avropa Birliyində olacağını düşünənlərin böyük bir "qəflət" içində olduğunu ifadə edib.
Kipr yunan rəhbərliyinin lideri Nikos Anastasidisin hələ də EOKA-nı təriflədiyinə işarə edən Tatar onun federasiya tezisindəki bərabərlik anlayışının sözdən o yana getmədiyini qeyd edib.
"Annan Planı" müddətinə toxunan Tatar, Türklərin plana "bəli" yunanların isə "yox" deməsinə baxmayaraq, yunan tərəfinin Avropa Birliyinə daxil edilməsinin böyük bir haqsızlıq olduğunu vurğulayıb.
Ersin Tatar son nəfəsə qədər Kipr Türk xalqının yaşaması və təhlükəsizliyi üçün mübarizə aparacağını və bunun rəqiblərinin mövqeyindən fərqli olduğunu qeyd edib.
20 iyul - Barış Hərəkatının ildönümünün yaxınlaşdığını xatırladan Tatar həmin gün Qurban bayramının ilk gününə düşdüyündən bu iki bayramı birlikdə qeyd edəcəklərini bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və komandasının 20 İyulda Kiprdə olacağına toxunan Prezident Tatar "20 İyulda Kiprdən dünyaya çox əhəmiyyətli mesajlar veriləcək", deyib.
SAMİRƏ