Belarus Prezidenti Aleksandr Lukaşenko sərhəd qoşunlarına Ukraynadan çox sayda silah gəldiyinə görə bu ölkə ilə sərhədi tamamilə bağlamağı tapşırıb. “Report” xəbər verir ki, məlumatı “BelTA” yayıb.
A. Lukaşenko Müstəqillik günü münasibətilə təşkil edilən mərasimdə çıxışı zamanı bildirib: “Ukraynadan Belarusa külli miqdarda silah daxil olur. Ona görə də, sərhəd qoşunlarına Ukrayna ilə sərhədi tam şəkildə bağlamağı tapşırmışam. Ölkədə Almaniya, Ukrayna, ABŞ, Polşa və Litvaya aidiyyatı olan terror hücrələri aşkar edilib”.
Ukrayna hökuməti isə hələ Belarusdan sərhədlərin bağlanması ilə bağlı rəsmi məktub almadığını açıqlayıb. Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenkonun sözlərinə görə, belə addımdan ilk növbədə Belarus xalqı əziyyət çəkəcək: “Ukrayna, Belarus prezidenti Aleksandr Lukaşenkonun ölkəmizdən silah tədarükü ilə əlaqədar sözlərini qəti şəkildə rədd edir. Biz heç vaxt Belarusun daxili işlərinə qarışmamışıq. Bunu gələcəkdə də etmək niyyətində deyilik. Şimal sərhədinin təhlükəsizlik məkanı olaraq qalması üçün Minskdən də eyni mövqeyi gözləyirik”.