Vaşinqtondan Ankaraya növbəti S-400 xəbərdarlığı...

img

Rəsmi Vaşinqton Rusiyadan S-400 zenit-raket komplekslərinin alınmasının neqativ nəticələri barədə Türkiyəyə xəbərdarlıq etməyə davam edir. Bu, Ankaranın NATO üzvü kimi öhdəliklərinə ziddir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays bildirib.

"Rusiyanın S-400-ləri NATO avadanlıqları ilə uyğunsuzdur, NATO-nun texnologiyalarının təhlükəsizliyinə təhdiddir. Onlar NATO üzvü kimi Türkiyənin götürdüyü öhdəliklərə uyğun deyil. Biz Türkiyəni bu sistemi qəbul etməməyə dair xəbərdar etmişdik və etməyə də davam edirik", - deyə Prays qeyd edib.

O bildirib ki, Türkiyə NATO-nun əhəmiyyətli üzvüdür, ona görə bu ölkənin S-400-ü təsdiqləməsinin alyans çərçivəsində götürdüyü öhdəliklərə uyğun olmadığını özü anlamalıdır.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları Rusiyadan S-400 zenit-raket kompleksi aldığına görə Türkiyənin F-35 qırıcılarının istehsalı proqramından çıxarılması barədə Ankaranı rəsmi şəkildə məlumatlandırıb. Məlumatda bildirilir ki, ABŞ 2007-ci ilin yanvarında imzalanmış F-35-lərin istehsalı üzrə birgə memorandumu ləğv edib.

Xatırladaq ki, bu memoranduma əsasən, Ankara öz üzərinə 100 ədəd F-35 tipli qırıcı almaq öhdəliyi götürmüşdü. Türkiyə, həmçinin F-35-lər üçün 1000-dən artıq komponentin istehsalında da iştirak edib.

Son xəbərlər