44 gülük İkinci Qarabağ müharibəsində Vətən torpaqların azadlığı uğrunda canından keçərək tarix yazan minlərlə qəhrəmanlardan biri də Lənkəran rayonu, Osakücə kəndində dünyaya göz açan Tural Hümmətovdur. Lənkəranlılar yeri ürəklər olan Turalın adını həmişə uca tutub, dövlətin dəstəyi sayəsində öz qəhrəman oğlunun şərəfinə layiqli işlər görüblər.
Layiq görüldüyü üçüncü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medallar da Turalın müharibə meydanında göstərdiyi misilsiz şücaətlərini bildirir.
Bu günlər Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı sayəsində Mədəniyyət Mərkəzində şəhid Tural Hümmətovun doğum günü ilə əlaqədar anım tədbiri keçirildi. Anım mərasimində Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, şəhidin ailə üzvləri, müharibə qəhrəmanları, mədəniyyət işçiləri, Osakücə kəndinin ağsaqqalları, ziyalılar, kənd ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak edirdilər.
Mərkəzinin akt zalında təşkil olunan tədbirdə doğma Azərbaycanımızın ərazi bütövlüyü uğrunda canlarında keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov giriş nitqində dedi: - 30 il düşmən tapdağına düşən müqəddəs Vətən torpaqları qəhrəman şəhidlərin, şanlı ordumuzun əsgər və zabitlərin qanı və canı bahasına işğaldan qurtuldu. Tural da bu haqq savaşımızda şəhidlik zirvəsinə ucaldı. Həm də belə mərd oğullarımız zaman-zaman döyüş meydanlarında əsl qəhrəmanlıqlar göstərərək, xalqımızı məruz qaldığı bəlalardan xilas etmiş, bizə məxsus yurd yerlərini yadelli hücumlardan qətiyyətlə qorumaqla, həmçinin tükənməz sərvətlərimiz, tarixi abidələrimiz göz-bəbəyi kimi qorunubdur.
Natiq çıxışının axırında Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan geniş söhbət açdı.
Söz mərasim iştirakçılarına verildi. Çıxışçılar Turalın keçdiyi həyat yolundan, Vətən sevgisindən, el-obaya sonsuz məhəbbətindən ürəkdolusu danışdılar, ömrünün gözəl cağında- 22-ci baharında canını doğma Azərbaycana fəda edən mərd igidin qısa, lakin mənalı ömür yolunun gənclərə əsl nümunə, örnək olduğunu vurğuladılar.
Bədii hissədə mədəniyyət müəssisələrinin qiraət dərnəyinin üzvləri tərəfindən vətənpərvərlik haqqında şerlər oxundu və qalib şəhidə həsr olunmuş video-çarx göstərildi.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü