Bakıda gecə saatlarında yol kənarında yaşıllıq hissədə tikinti işlərinə başlanıb. Ərazidə ağacların kəsildiyi iddia edilir. Bununla bağlı sosial şəbəkələrdə foto yayılıb.
Məlumata görə, həmin foto Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində çəkilib. Həmin ərazidə yaşayan sakinlərin dediyinə görə, 1A ünvanlı binanın qarşısında yaşıllıq məhv edilib, yerində isə obyekt tikilib.
Hadisə ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətin yaydığı məlumatda qeyd edilir ki, Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsində yerləşən 34 saylı Şəhər Poliklinikasının qarşısındakı yaşıllıq zolağında ağacların məhv edilməsi yerində araşdırılıb: “Əraziyə keçirilən baxış zamanı yaşıllıq ərazidə tikinti işlərinin aparıldığı və tikinti altına düşən bir tut ağacının və iki kol bitkisin kəsilərək məhv edildiyi aşkar olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”.
Səbail RİH: “Ünvanda keçirilmiş monitorinq zamanı müvafiq icazə sənədi olmadan tikinti işlərinin aparılması faktı aşkar edilib”
Səbail Rayon İcra Hakimiyyətindən bildirildi ki, sözügedən ünvanda keçirilmiş monitorinq zamanı müvafiq icazə sənədi olmadan tikinti işlərinin aparılması faktı aşkar edilib. İşlərin qarşısı alınıb. Sözügedən ünvan nəzarətə götürülüb.
Flora Hacıyeva: “Azərbaycan ərazisində dövlət vəsaiti hesabına geniş yaşıllıq zolaqları salınsa da, bəzi iş adamları…”
Ekoloq Flora Hacıyeva qeyd etdi ki, son illər Azərbaycan ərazisində dövlət vəsaiti hesabına geniş yaşıllıq zolaqları salınsa da, bəzi iş adamları və məmurlar bu yaşıllıqlara qənim kəsilirlər. Əlbəttə, bu məqam da hamıdan çox sakinləri narahat edir. Pul qazanmaq, var-dövlət əldə etmək aidiyyəti məmurların gözlərini tutduğu üçün bu hallar baş verir, yüzlərlə, minlərlə vətəndaş istirahətdən, yaşıllıqdan məhrum olur: “Yaşıllığın nə səbəbdən məhv edilməsi araşdırılmalıdır. Azərbaycanın bölgələrində yaşıl soyqırım davam edir və bu da nəzarətsizlikdən baş verir. Bəzi şəxslər pul qazanmaq üçün yaşıl soyqırımlar törədirlər. Yaşıl soyqırım törədənlərə qarşı ciddi tədbirlər görülməlidir. Prezident yaşıllıqların, meşələrin mühafizəsi ilə bağlı sərəncamlar imzalayır, tapşırıqlar verir. Prezidentin bütün sərəncamlarının, tapşırıqlarının icrasına ciddi nəzarət olunmalıdır”.
Günel CƏLİLOVA