Rauf Zeyni: “Heç olmasa ömürlərinin sonunda hansı cinayətə yol verdikləri ilə bağlı vicdanları qarşısında hesabat vermiş olarlar”
Vilnüs Dairə Məhkəməsi 1991-ci il hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində sovet marşalı, keçmiş SSRİ-nin müdafiə naziri Dmitri Yazov barəsində insanlıq əleyhinə törətdiyi cinayətlərə və hərbi qanun pozuntularına görə 10 il azadlıqdan məhrumetmə hökmü çıxarıb.
Litva KIV-lərinin yazdığına görə, Yazovla birlikdə keçmiş KQB zabiti Mixail Qolovatova da eyni ittihamlar üzrə 12 il həbs cəzası verilib. Lakin cinayətkarların ikisi də Rusiyada olduğundan, onlar barədə Litva məhkəməsinin həbs qərarı qiyabi xarakter daşıyır. Məhkəmə iclası zamanı rus diplomat və jurnalistlər zala buraxılmayıb. Qeyd edək ki, bundan əvvəl Litvanın Baş Prokurorluğu Dmitri Yazovun insanlıq əleyhinə törətdiyi cinayətlərə görə ömürlük həbs olunmasını tələb etmişdi. Litva Baş Prokurorluğunun ittihamnamə aktında qeyd olunub ki, Dmitri Yazov Litvanı SSRİ-nin tərkibinə qaytarmaq məqsədilə 1990-cı ilin sonunda hərbi və siyasi xadimlərdən ibarət 160 nəfərlik mütəşəkkil qrup yaradıb: “O, beynəlxalq humanitar hüququn qorunması altında olan insanların ölümü, işgəncə və digər qeyri-insani davranışlar, qadağan olunmuş hərbi hücumlar, qadağan olunmuş hərbi sursatdan istifadə və digər hərbi və insanlıq əleyhinə cinayətlərdə ittiham olunur”.
Yazovla birgə 1991-ci il 13 yanvar hadisələrində əli olan 67 nəfərin cəzalandırılması tələb olunub. Onların sırasında Litvalı dövlət xadimlərilə yanaşı, KQB-nin keçmiş zabiti Mixail Qolovatov, SSRİ daxili işlər nazirinin müavini Nikolay Demidov və digərləri var.
Qeyd edək ki, hazırda Moskvada yaşayan 94 yaşlı Dmitri Yazov 1987-1991-ci illərdə SSRİ-nin müdafiə naziri olub. O, 1990-cı ildə marşal rütbəsi alıb. Yazov 1990-cı ildə Bakıda törədilən 20 Yanvar faciəsinin baiskarlarından biridir. Bakıda törədilən 20 Yanvar faciəsi istər miqyas, istərsə də həlak olanların sayı baxımından Litvadakıdan dəhşətlidir. Azərbaycanda dəfələrlə həmin qətliamı törədən SSRİ rəhbərliyi ilə bağlı hüquqi qərarın verilməsi, onlar üzərində qiyabi də olsa məhkəmənin keçirilməsi tələbləri irəli sürülsə də, bu ideya reallaşmayıb. Maraqlıdır, biz belə bir məhkəmənin keçirilməsində, heç olmasa xalqımızın qanına əli batmış cəlladlara qiyabi məhkəmə hökmlərinin çıxarılmasında kimi gözləyirik? Analoji məhkəmə prosesinin Bakıda keçirilməsinə ehtiyac varmı?
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, onlar dəfələrlə bu məsələni qaldırıblar: “Azərbaycanda elə 1990-cı ildən sonra bu tələb gündəmdə olub. Nəinki tələb, hətta bu istiqamətdə real işlər də görülüb. İstər 20 Yanvar qırığını, istərsə də Sumqayıt hadisələri ilə bağlı cinayət işi də açılıb. Bu istiqamətdə zəruri istintaq hərəkətləri aparılıb. Hüquqla da müəyyən edilib ki, həmin hadisələrin törədilməsində təqsirkar olanlar SSRİ rəhbərliyidir. Biz hər zaman inanmışıq ki, həmin şəxsləri məsuliyyətə cəlb edə biləcəyik. Yəni bu istiqamətdə bizi fəaliyyətsizlikdə günahlandırmaq doğru olmaz. Ancaq təəssüflər olsun ki, bu günə kimi həmin adamların həbs edilərək məsuliyyətə cəlb edilməsinə nail ola bilməmişik. Bunun da obyektiv səbəbləri var ki, bizdən asılı deyil. Söhbət kütləvi insan qətlindən gedirsə, onu törədənlər mütləq cəzalarını almalıdırlar. Şəxsən mən həmin adamlar barədə qiyabi yox, əyani hökmün çıxarılmasının tərəfdarıyam. Əgər bu mümkün olmursa, biz Litvadakı təcrübəni də nəzərdən keçirə bilərik. Bunun təşəbbüskarlığı yenə də bizim əlimizdədir. İstənilən vaxt hazır istinataq materiallarına əsasən onların üzərində məhkəmə keçirə bilərik. Bunu bizə kimsə qadağan edə bilməz. Beynəlxalq aləmin reaksiyası baxımından belə qiyabi hökmün çıxarılmasının müsbət nəticəsi ola bilər. Amma həmin qiyabi hökm bizim 20 Yanvar yaramızı sağalda bilməyəcək. Bunun üçün həmin qətliamı törədənlərin real şəkildə cəzalandırılması lazımdır. Düşünürəm ki, hər iki istiqamətdə səylərimizi göstərməliyik. Bir faktı da qeyd edim ki, həmin adamlar artıq ömürlərinin sonunu yaşayırlar. Mənə elə gəlir ki, onlar sağ ikən belə qərarın verilməsi daha yaxşı olar. Heç olmasa ömürlərinin sonunda hansı cinayətə yol verdikləri ilə bağlı vicdanları qarşısında hesabat vermiş olarlar”.
Məhəmmədəli QƏRİBLİ